...

Xəzərin statusu haqqında Konvensiya tranzit yükdaşımalarının inkişaf perspektivlərini genişləndirəcək

Siyasət Materials 13 Avqust 2018 14:00 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın 20 ildən çox davam edən müzakirələrdən sonra imzalanması beş Xəzəryanı dövlətin hər biri üçün mühüm hadisəyə çevrildi.

Bunu Trend-ə Nəqliyyat sahəsində əməkdaşlıq proqramının (TRACECA) Azərbaycan üzrə milli katibi Akif Mustafayev deyib.

Onun sözlərinə görə, bu saziş Xəzəryanı ölkələr arasında logistikanın inkişafı və bu sahədə əməkdaşlığın genişlənməsi üçün yeni perspektivlər açacaq:

“Xəzər dənizi Azərbaycanı Mərkəzi Asiya ilə əlaqələndirdiyi üçün çox böyük əhəmiyyət daşıyır. Xəzər vasitəsilə bir tərəfdən Azərbaycan, digər tərəfdən Qazaxıstan və Türkmənistan arasında böyük həcmdə tranzit daşımaları həyata keçirilir. Bundan başqa, Xəzər vasitəsilə Çindən Avropaya göndərilən yüklər keçir. Bu baxımdan Xəzəryanı ölkələr arasında qarşılıqlı fəaliyyət hər zaman yüksək səviyyədə olub, Konvensiyanın imzalanması isə tranzit yükdaşımaları üçün daha böyük imkanlar və perspektivlər yaradacaq”.

A.Mustafayev bildirib ki, digər tərəfdən Konvensiyanın imzalanması indiyədək icrası mümkün olmayan bir sıra perspektiv layihələri reallaşdırmağa imkan verəcək:

“Bu sənəd gələcəkdə Türkmənistan və Qazaxıstandan iri qaz həcmlərini Xəzərin dibi ili nəql etməyə imkan verəcək ki, daha sonra həmin qaz TANAP və TAP boru kəmərləri vasitəsilə Türkiyə və Avropa ölkələrinə çatdırılacaq. Əvvəl bu cür boru kəmərinin tikintisi mümkün deyildi, amma sazişin imzalanmasından sonra maneələr demək olar ki, qalmayıb. Beləliklə, Konvensiyanın imzalanması təkcə Azərbaycan üçün yox, həm də Türkmənistan və Qazaxıstan üçün bpyük iqtisadi perspektivlər yaradır. Bir sözlə, Konvensiyanın imzalanması bütün növ yükdaşımaların artmasına, regionda təhlükəsizliyin güclənməsinə, eləcə də Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib.

Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti