...

Aydın Quliyev: Xaçaturov gizli erməni planlarında KTMT-ni alətə çevirir

Siyasət Materials 24 Sentyabr 2018 18:02 (UTC +04:00)
Xaçaturov gizli erməni planlarında KTMT-ni alətə çevirir.
Aydın Quliyev: Xaçaturov gizli erməni planlarında KTMT-ni alətə çevirir

Bakı. Samir Əli - Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə bəyanatı onun vətəndaşı olduğu Ermənistanı Azərbaycana qarşı azı 30 ildir apardığı təcavüzkarlıq, ərazi iddiaları və işğalçılıq siyasətinə daha da həvəsləndirmək niyyətindən başqa bir şey deyil.

Bu barədə Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev qeyd edib ki, problemin həlli sahəsində heç bir hüquqi səlahiyyəti və öhdəliyi olmayan bir təşkilatın baş katibinin həll prosesinə qeyri-hüquqi müdaxiləsi yersiz, ziyanlı və region üçün təhlükəli perspektivləri gücləndirən məsuliyyətsiz gizli niyyətlərin təzahürüdür:

"Xaçaturov bilməmiş deyil ki, nüfuzlu regional beynəlxalq təşkilat sayılan KTMT-nin memarı, təşkilatçısı olan Rusiya həm də onun perspektivləri üçün əsas məsuliyyəti daşıyan tərəfdir. Əlavə edək ki, Rusiya hazırda regionumuzda sabitlik üçün ən maraqlı və Dağlıq Qarabağ probleminin həllində vasitəçi ölkələrdən biridir. O da məlumdur ki, Ermənistanın hazırkı rəhbərliyi regionda müharibənin alovlandırılmasında maraqlı olan məlum beynəlxalq dairələrin planlarını icra edir. Əks halda Paşinyanın Dağlıq Qarabağ problemi ilə bağlı sülh prosesini alt-üst edən misilsiz ziddiyyətli bəyanatlarına heç cür izah vermək mümkün deyil. Bütün bunlardan Xaçaturov da xəbərdar olduğu halda, təcavüzkar siyasəti dolayısilə dəstəkləməklə pərdəarxası bir plana xidmət etdiyini açıq büruzə verir. Xaçaturov özünün məsuliyyətsiz bəyanatı və sülh prosesinə yersiz müdaxiləsi ilə Ermənistanın təcavuzkar siyasətinə dəstək verməkdən başqa, həm də Rusiyanın regiondakı planlarına qarşı pozucu rol oynayır. Bütün əlamatləri ilə hadisələr ona oxşayır ki, irticaçı ümumerməni maraqları çərçivəsində Xaçaturovla Paşinyan hökuməti arasında birgə oynanılan gizli sövdələşmə oyunu var".

Onun sözlərinə görə, bu oyun Y.Xaçaturovun həbsdən buraxılmasından sonra başlayıb, KTMT çərçivəsində Ermənistanın maraqlarını altdan-altdan yeritmək formasında icra edilir: "Beləliklə, Xaçaturov KTMT strukturlarında Paşinyanın sifarişlərini yerinə yetirir, Paşinyan isə bunun əvəzində yəqin ki, onun suçlandığı cinayət təqibini tədricən formal səviyyəyə salacaq. Nəticədə isə Xaçaturov-Paşinyan oyunu fonunda ziyan KTMT-yə və Rusiyaya dəyir. Belə ki, KTMT gizli erməni planlarında alət olur, Rusiyanın isə vasitəçi ölkə kimi nüfuzu və regional planları zədələnir. Azərbaycan XİN-in məlum bəyanatı ölkəmizin qanuni mənafelərinin müdafiəsi ilə bərabər, Rusiyanın da regional siyasətinə uyğun addımdır. KTMT daxilində korporativ erməni oyunlarına ciddi reallıq kimi yanaşılmasına daha çox Rusiyanın ehtiyacı var".

Ekspert əlavə edib ki, qeyd edilməsi vacib olan daha bir məqam Xaçaturovun bəyanatının Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə xarici parlament rəhbərləri qarşısında etdiyi xəbərdarlıqların ardınca meydana çıxmasıdır: "Xaçaturov-Paşinyan cütlüyü bununla Azərbaycan Prezidentinin haqlı xəbərdarlıqlarının guya KTMT-də məqbul qarşılanmadığı barədə yanlış görüntü yaratmağa uğursuz bir cəhd göstərdi. Ancaq Azərbaycan diplomatiyasının prinsipial gedişləri Ermənistan üçün geriyədönməz prosesləri çoxdan başladıb və Milli Məclisdə Azərbaycan Prezidentinin ən yeni çıxışı bu istiqamətdə növbəti tutarlı ifşa aktı oldu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti