Bakı. Samir Əli - Trend:
Dünya İqtisadi Forumunun tamamilə yeni metodologiya əsasında hazırladığı Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın dünya ölkələri arasında qabaqcıl mövqeyini qoruyub saxlaması təqdirəlayiqdir və qürurvericidir.
Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Dünya İqtisadi Forumu özünün dövlətlərə yanaşma metodologiyasını dəyissə də, Azərbaycan öz qabaqcıl mövqeyini dəyişməz saxlaya bilib:
"Bu, olduqca əhəmiyyətli nəticədir və ölkədaxili proseslərin bütün istiqamətlərində Azərbaycanın dinamik artan xətt üzrə getdiyini bir daha təsdiqləyir. Digər bir prinsipial məqam Azərbaycanın təxminən 70-ə yaxın yeni və indiyə qədər praktikada tətbiq olunmamış indikator üzrə böyük nəticələrə nail ola bilməsidir. Bu o deməkdir ki, Azərbaycan hansı indikatorlar üzrə qiymətləndirmələrin dünya üzrə aparılacağını öncədən bilmədən bu istiqamətlərdə iş aparıb və deməli, hansısa hesabatda öncül olmaq yox, əhalinin iqtisadi və rifah vəziyyətinin yaxşılaşdırılması dövlətimizin və şəxsən cənab Prezident İlham Əliyevin fəaliyyətinin aparıcı motivini təşkil edib, edir. Sosial ədalətin səviyyəsinə görə Azərbaycanın ən yüksək yerdə bərqərar olması da ölkədə aparılan siyasətin məntiqinə tam uyğun nəticədir. Azərbaycanda hamının həsəd apardığı sabitliyin, Prezidentə ictimai dəstəyin, millətlər və dinlərarası həmrəyliyin, ümumvətəndaş həmrəyliyinin kökü və təminatı məhz buradadır. Həqiqətən də əgər ölkədə sosial ədalət yüksək səviyyədə olmasa, davamlı sabitlik və daxili etibarlı təhlükəsizlikdən danışa bilmərik".
Ekspert bildirib ki, biznesin dinamikliyi, təhsil və infrastruktur indikatoru uzrə Azərbaycanın yüksək dünya reytinqi qazanması da reallıqlara tam uyğundur:
"Bu hesabat həm də dünya xalqlarına və dövlətlərə Azərbaycan Prezidentinin fəaliyyətinin məqsədyönlü nəticələri ilə bir daha tanış olmaq imkanı verir. Dünya İqtisadi Forumunun dünya üzrə iqtisadi-sosial müfəttiş rolu oynadığını nəzərə alsaq, Azərbaycanın əldə etdiyi nəticələri heç də hər dövlətin nail ola bilmədiyi uğurlar kimi dəyərləndirmək lazımdır. Hesabat dünyaya bir daha göstərdi ki, Azərbaycan əhalinin sosial rifahının 100 faiz təmin olunduğu ölkədir, ən sürətli biznes qurmaq imkanları yaratmış ölkədir, ətraf mühitlə insan inkisafı arasında möhkəm əlaqə qurmuş ölkədir, infrastruktur layihələrə fasiləsiz önəm verən ölkədir".
A.Quliyev əlavə edib ki, Dünya İqtisadi Forumunun son hesabatının arxasında Azərbaycan Prezidentinin 15 illik fəaliyyətinin ancaq bir hissəsi dayanır və əgər ölkədə görülən işlərin hamısı Dünya İqtisadi Forumu hesabatının indikatorlarının sırasına daxil edilsəydi, beynəlxalq reytinq göstəricilərimiz daha yüksək olardı: "Ancaq Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət deməyə əsas verir ki, gələcəkdə forumun daha yüksək reytinq tələblərinə cavab verən uğurların möhkəm əsası yaradılıb. İlham Əliyevin siyasəti Azərbaycanın bütün beynəlxalq reytinq göstəricilərinin yeganə təminat mənbəyidir".