...

Ekspert: Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının uğurlu icrası Azərbaycanın bəzi beynəlxalq risklərdən qorunmasına böyük töhfə verdi

Siyasət Materials 30 Yanvar 2019 10:16 (UTC +04:00)
Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının uğurlu icrası Azərbaycanın bəzi beynəlxalq risklərdən qorunmasına böyük töhfə verdi.
Ekspert: Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının uğurlu icrası Azərbaycanın bəzi beynəlxalq risklərdən qorunmasına böyük töhfə verdi

Bakı. Samir Əli - Trend:

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla yekunlaşdırılması həm bu gün üçün sosial-iqtisadi əhəmiyyətə malikdir, həm də beynəlxalq strateji anlamda mühüm hadisədir. Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, Prezident İlham Əliyevin 5 illik inkişafa dair konkret məlumatları regionlarımızın mənzərəsinin necə dəyişdiyi barədə aydın təsəvvür yaradır, eyni zamanda, əhalinin rifah vəziyyətinin müsbət dinamikasını dəqiq ifadə edir:

"Beşillik proqramın uğurla icrası saysız infrastruktur obyektlərinin, məktəb və xəstəxanaların tikintisi və əsaslı təmiri, yolların çəkilməsi, aqrar sektorun əlavə inkişaf imkanlarının yaradılması, bölgələrin abadlaşdırılması, kiçik və orta biznesə dövlət dəstəyinin yeni mexanizmlərinin tətbiqi, bölgələrimizdə iş yerlərinin artırılması hesabına məşğulluğun yüksəkdilməsi və s. kimi çox geniş istiqamətlərdə böyük nəticələr deməkdir. Regionlarda əvvəlki dövrlərdə başlanmış işlərin davam etdirilməsi, ölkənin dinamik iqtisadi-sosial inkişaf tempinin qorunub saxlanması, bütövlükdə ölkənin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi də birbaşa Dövlət Proqramının uğurlu icrasının nəticələridir. Ölkəmizin bir sıra beynəlxalq reytinq siyahılarında öz yüksək yerini qoruya bilməsi, bir sıra göstəricilərdə yerini yüksəldə bilməsi məhz Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş böyük işlərin sayəsində mümkün olub".

Ekspert qeyd edib ki, Dövlət Proqramının uğurlu icrasının beynəlxalq əhəmiyyəti barədə xüsusi danışmağa ehtiyac var: "Belə ki, uğurla icra edilmiş bu proqram dünyanın bütün ölkələrinin dərin iqtisadi-maliyyə böhranı keçirdiyi və yeni dövrə uyğun ən səmərəli inkişaf modellərinin axtarış dovrünə təsadüf etdi. Eyni problemi Azərbaycan özü də yaşasa da, bir sira ölkələrdən fərqli olaraq qeyri-neft inkişaf modelinin əsaslarını uğurla yarada və tətbiq edə bildi. Bu, çox böyük tarixi nəticədir. Başqa ölkələr hətta kiçik layihələrin icrasını dayandırmaq məcburiyyətində qaldığı halda, Azərbaycan irimiqyaslı Dövlət Proqramının heç bir maddəsini ixtisar etmədən həyata keçirdi. Bu mənada Dövlət Proqramı Azərbaycanın inkişaf modelinin strateji olaraq dəqiq seçildiyinin təsdiqi baxımından önəmlidir. Proqramın icra olunduğu müddətdə dövlət başçısının siyasətinə cəmiyyətimizin davamlı dəstəyi özünü unikal bir fenomen kimi göstərməkdə davam etdi. Ümumiyyətlə, Dövlət Proqramının uğurlu icrasının mühüm şərtlərindən biri məhz Prezidentin fəaliyyətinə xalqın fasiləsiz dəstəyindən ibarət oldu".

Baş redaktorun sözlərinə görə, Dövlət Proqramının uğurla icrasının mühüm nəticələrindən biri də odur ki, Azərbaycanın bəzi beynəlxalq risklərdən qorunmasına öz böyük töhfələrini verə bildi:

"Yeni iş yerlərinin yaradılması, işsizliyin və yoxsulluğun minimuma endirilməsi, təhsil və bilik səviyyəsinin artırılması, əhalinin sağlamlığını şərtləndirən işlərin görülməsi həqiqətən də ölkəmizi bir sıra kənar risklərdən qoruyan möhkəm təminatlara çevrildi. Regionlarımızın inkişafı göstərilən müddətdə Azərbaycanın həyata keçirdiyi əhəmiyyətli nəqliyyat və infrastruktur layihələri ilə üzvi şəkildə bağlıdır. Fakt budur ki, bir sıra regionlarımız həmin regional layihələrin həm həyata keçirilməsində öz potensialı ilə iştirak edir, həm də həmin layihələrin verdiyi yeni imkanlardan istifadə edir. Dövlət Proqramının uğurla icrası Azərbaycanın güclü dövlətə çevrilməsində təsirli və həlledici rol oynayan hadisədir. Bu proqram çərçivəsində görülmüş işlər növbəti mərhələdə daha böyük layihələrin icrasına möhkəm baza yaratmaq gücü ilə də xarakterikdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti