...

Hikmət Hacıyev: Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi dünyada sülh və təhlükəsizliyin bərqərar olmasına töhfə verəcək

Siyasət Materials 13 Aprel 2019 09:54 (UTC +04:00)
Çinin təklif etdiyi "Bir kəmər, bir yol" təşəbbüsü inklüziv qarşılıqlı fəaliyyət üçün çox böyük imkanlar yaradır.
Hikmət Hacıyev: Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi dünyada sülh və təhlükəsizliyin bərqərar olmasına töhfə verəcək

Bakı. Trend:

Çinin təklif etdiyi "Bir kəmər, bir yol" təşəbbüsü inklüziv qarşılıqlı fəaliyyət üçün çox böyük imkanlar yaradır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Sinhua" agentliyinə müsahibəsində deyib.

H.Hacıyev qeyd edib ki, bu təşəbbüs qarşılıqlı faydalı münasibətlərə və tərəfdaşlığa əsaslanan hərtərəfli əməkdaşlıq xarakteri daşıyır: "Biz "Bir kəmər, bir yol" təşəbbüsü və Azərbaycanın inkişafının aktual gündəliyi arasında böyük uyğunluq görürük. Azərbaycan "Bir kəmər, bir yol" çərçivəsində layihələrdə iştirak etməyə həmişə hazırdır. Bu baxımdan biz iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, maliyyə və bir sıra digər sahələrdə gələcək əməkdaşlığı səbirsizliklə gözləyirik".

"Bir kəmər, bir yol" çərçivəsində beynəlxalq əməkdaşlıq üzrə yüksək səviyyəli II Forum aprelin sonunda Pekində keçiriləcək. PA rəsmisi bu Forumun fikir mübadiləsi və müxtəlif ölkələrin fəaliyyətinin əlaqələndirilməsi üçün meydan olacağına ümidvar olduğunu bildirib: "Forum "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində praqmatik əməkdaşlığın inkişafı istiqamətində praktiki fəaliyyətin gələcək müzakirələri üçün əla məkan olacaq".

H.Hacıyev Azərbaycan-Çin münasibətlərinə də toxunub. O bildirib ki, Azərbaycan Çin Xalq Respublikası ilə humanitar və energetika sahələrində əməkdaşlıq qurur.

Şöbə müdiri ikitərəfli iqtisadi və ticari münasibətləri bundan sonra da işgüzar və şəxsi təmaslar, hökumətlərarası əməkdaşlıq mexanizmləri və müxtəlif komissiyalar vasitəsilə təşviq etməyi təklif edib: "Azərbaycan və Çinin iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, energetika, neft-kimya, turizm və s. sahələrdə əməkdaşlığı özündə bir çox imkanlar daşıyır".

H.Hacıyev əlavə edib ki, Azərbaycan Çin investisiyalarının artmasını alqışlayır: "Hər iki ölkə öz xarici siyasəti çərçivəsində beynəlxalq səviyyədə qarşılıqlı hörmətə əsaslanan münasibət qurmağa çalışır. Həmçinin tərəflər Şanxay Əməkdaşlıq Təşkilatı daxil olmaqla, çoxtərəfli regional və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq edirlər".

PA rəsmisi xatırladıb ki, Azərbaycan 2022-ci ilədək Qoşulmama Hərəkatına sədrlik edəcək: "Bu institutun qlobal səviyyədə etimadın, sülh və təhlükəsizliyin möhkəmləndirilməsində potensialı var. Sədrliyimiz dövründə Hərəkatın daha da möhkəmlənməsinə kömək edəcəyik, həmçinin planetimizdə sülh və təhlükəsizliyin bərqərar olmasına töhfə verəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti