Bakı. İlhamə İsabalayeva - Trend:
Ermənistan-Rusiya münasibətləri heç vaxt indiki kimi pis olmayıb. Azərbaycanla Rusiyanın əlaqələri isə son 100 ildə bu qədər yaxşı olmayıb.
Trend-in məlumatına görə, bunu “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən dəyirmi masada Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.
Z.Oruc əlavə edib ki, Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışı nəzərdə tutulan hədəflərə çatıb.
O bildirib ki, Prezidentin bu çıxışı 2016-cı ilin aprelindəki döyüşlərdə qazandığımız hərbi uğur kimi siyasi bir qələbədir:
"Prezidentin bu çıxışından sonra tutarlı cavab verən olmayıb. Ermənistan cəmiyyəti belə bu cür yüksək səviyyəli çıxışa cavab verəcək qədər hazırlıqlı deyildi. Təsiri o qədər güclü oldu ki, Ermənistan mətbuatı belə, bunu etiraf etdi".
Mərkəz sədri Azərbaycan cəmiyyətinin bu istiqamətdə təşkilatlanmasının vacib olduğunu bildirib: "Gözləyirdim ki, Prezidentin bu çıxışından sonra Rusiyada yaşayan azərbaycanlılar bu istiqamətdə addımlar atacaqlar. Bunu etməli idik. Bir çox siyasətçilər çağırışımıza səs verdi. Bu hərəkat ətrafında başqa xalqların da nümayəndələrini birləşdirmək mümkündür. 1990-cı ildən fərqli olaraq rusların böyük bir hissəsi bu ideyamıza tərəfdar olduqlarını bildiriblər".