...

Njde ilə Molotovun eyniləşdirilməsi Ermənistanda faşizmin dövlət siyasəti səviyyəsinə qaldırılmasından irəli gəlir - Deputat

Siyasət Materials 28 Noyabr 2019 10:25 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin əsas məqsədlərindən biri yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir:

“Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev gənclərə çox dəyərli tövsiyələr verdi. Azərbaycan gəncliyi bu tövsiyələri həyat və fəaliyyətlərində daim öndə tutmalıdır”.

S.Hüseynova bildirib ki, dövlət başçısının çıxışının ana xətti ondan ibarətdir ki, Azərbaycan bundan sonrakı inkişafında da yalnız özünə güvənməli və bu prosesdə gənclərimiz aparıcı rol oynamalıdır, gənclərimiz tariximizə sahib çıxmalı, milli adət-ənənələrimizə sadiq olmalıdır:

“Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxundu, onların cəmiyyətin fəal üzvləri olduğunu dedi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan gəncləri tariximizi dərindən bilməli, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar.

Cənab Prezident, həmçinin Ermənistanın baş nazirinin Aşqabad Zirvə Görüşündə böyük səhv buraxdığını, faşistlərə xidmət edən Njde ilə o zaman SSRİ-nin xarici işlər naziri olmuş Molotovu eyniləşdirərək özünü gülünc vəziyyətə salmasını xatırlatdı. Əlbəttə ki, Ermənistan baş nazirinin belə gülünc vəziyyətə düşməsinin səbəbi onun tarixi, beynəlxalq prosesləri bilməməsindən, o cümlədən Ermənistanda faşizmin dövlət siyasəti səviyyəsinə qaldrılmasından irəli gəlir. Bu baxımdan cənab Prezident gənclərimizə tarixi yaxşı öyrənmələrini tövsiyə etdi”.

Millət vəkilinin sözlərinə görə, çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın son illərdə qazandığı uğurlardan və sosial-iqtisadi inkişafdan danışdı, ölkəmizin beynəlxalq nüfuzunun artdığını vurğuladı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hüquqi, siyasi və digər cəhətlərdən mövqelərimizin möhkəmləndiyini qeyd etdi:

“Xüsusilə, dünyada baş verən proseslərə, ikili standartlara toxunan Prezident İlham Əliyev qeyd etdi ki, müəyyən xarici dairələr Azərbaycanın inkişafını istəmir. Ona görə də, biz həmrəylik nümayiş etdirməli, yalnız öz birliyimizə, öz gücümüzə güvənməliyik. Azərbaycan vətəndaşları bundan sonra da Prezidentimizin ətrafında sıx birləşməli, milli mənəvi dəyərlərimizi qorumalı, vətəndaşlarımız gələcək inkişafımız naminə bütün imkanlarını səfərbər etməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti