...

Deputatlığa namizəd Sevil Mikayılova Aprel şəhidinin ailəsini ziyarət edib (FOTO)

Siyasət Materials 3 Fevral 2020 16:40 (UTC +04:00)
56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Sevil Mikayılova seçkiqabağı təşviqat çərçivəsində seçiciləri ilə görüşlərini davam etdirir.
Deputatlığa namizəd Sevil Mikayılova Aprel şəhidinin ailəsini ziyarət edib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Respublikasının Milli Məclisinə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Sevil Mikayılova seçkiqabağı təşviqat çərçivəsində seçiciləri ilə görüşlərini davam etdirir.

Trend-in məlumatına görə, S.Mikayılova seçki dairəsinə daxil olan Niyazoba kəndində şanlı hərbi qələbəmiz olan Aprel döyüşlərində şəhid olan kənd sakini Qayıbov Elvin Sədrəddin oğlunun ailəsini və məzarını, Pirquluoba kəndində Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan Yüzbəyov Əmrahın, həmçinin Qımıl Qışlaq kəndində şəhid Şirinov Fazil Əbil oğlunun ailəsini ziyarət edib.

S.Mikayılova qəhrəman şəhidlərimizin xatirəsinin hər zaman xalqımız tərəfindən əziz tutulduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, şəhidlərimiz xalqımız, Vətənimiz üçün öz canlarını qurban veriblər və onlar öz qanları ilə Azərbaycan xalqının nə qədər mübariz, vətənpərvər olduğunu sübut ediblər.

S.Mikayılova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da böyük nailiyyətlər əldə olunub və bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Deputatlığa namizəd bildirib ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, Azərbaycan gec-tez öz torpaqlarını erməni işğalından azad edəcək.

S.Mikayılova görüşlərini davam etdirərək Niyazoba, Qımıl Qışlaq, Çaykənarı, Pirquluoba, Qıraqlı və Dədəli kənd sakinləri, həmçinin Yeni Həyat qəsəbəsi və Xudat inzibati ərazisində seçicilərlə görüşüb.

Seçicilərin böyük maraq göstərdiyi görüşlərdə deputatlığa namizəd Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasətin, reallaşdırılmaqda olan genişmiqyaslı islahatların uğurlu nəticələri haqqında seçicilərə geniş məlumat verib. O vurğulayıb ki, görülən işlər nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı təmin edilib, beynəlxalq aləmdə nüfuzu artıb, insanlarımızın sosial rifahı xeyli yaxşılaşıb.

S.Mikayılova bildirib ki, aparılan islahatlar, həyata keçirilən dövlət proqramları Azərbaycanın regionlarının da inkişafına mühüm təsir göstərib. O qeyd edib ki, son illər ərzində Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində Xaçmaz rayonunda da böyük quruculuq-abadlıq işləri görülüb, rayona yeni investisiyalar cəlb olunub, yeni müəssisələr yaradılb, yeni iş yerləri açılıb. S.Mikayılova əlavə edib ki, dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər Xaçmaz rayonunun qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.

Görüşlər zamanı çıxış edən seçicilər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən aparılan genişmiqyaslı quruculuq işlərini yüksək qiymətləndiriblər. Sakinlər, həmçinin onları narahat edən məsələlər barəsində danışıblar, öz fikirlərini bildiriblər, rayonda həll olunması zəruri olan bir sıra məsələləri diqqətə çatdırıblar.

Seçicilər, həmçinin deputatlığa namizəd S.Mikayılovaya dəstək ifadə ediblər və seçkilərdə ona səs verəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti