...

Gədəbəydə əhaliyə göstərilən xidmətlər asanlaşdırıldı – “ASAN Xidmət” modeli yaradıldı (FOTO/VİDEO)

Siyasət Materials 21 Fevral 2020 10:38 (UTC +04:00)
Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşlara rahat, sənədlərin aşkarlıq şəraitində qəbul edilməsi və vaxt itkisi olmadan xidmət göstərilməsi üçün Operativ Xidmət Mərkəzi fəaliyyətə başlayıb.
Gədəbəydə əhaliyə göstərilən xidmətlər asanlaşdırıldı – “ASAN Xidmət” modeli yaradıldı (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli icra hakimiyyəti orqanlarına vətəndaşların müraciətlərinə operativ baxılması, onların qəbulu və dinlənilməsi prosesinin təkmilləşdirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələri Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyət prioriteti kimi qəbul edilib. Proses dərindən öyrənilib, yerli spesifika diqqətlə araşdırılıb, bu sahədə mövcud olan beynəlxalq təcrübə mənimsənilib.

Trend-in məlumatına görə, bu gün Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşlara rahat, sənədlərin aşkarlıq şəraitində qəbul edilməsi və vaxt itkisi olmadan xidmət göstərilməsi üçün Operativ Xidmət Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzin məqsədi rayon icra hakimiyyətinin səlahiyyətlərinə daxil olan xidmət və fəaliyyətlərin optimallaşdırılması, vətəndaş müraciətlərinin operativ formada həllinə nail olunması, vətəndaşın eyni vaxtda, vahid məkanda RİH-nin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasının təmin edilməsi, keyfiyyətli xidmətin göstərilməsi və son nəticədə vətəndaş məmnunluğunun yüksəldilməsidir.

Operativ Xidmət Mərkəzinin fəaliyyətini təmin etmək məqsədilə Rayon İcra Hakimiyyətində 625 kvadratmetr sahəyə malik yeni korpus inşa olunub. Binanın inşaat planı hazırlanarkən, onun xidmət yönümünə uyğunlaşdırılmasına xüsusi önəm verilib. Burada 9 xidmət masası, server otağı, məlumat masası, böyük monitor, mini ATS və Data Resurs Bazası, könüllülər üçün 8 nəfərlik dəyirmi masa, növbəliliyi təyin edən terminal, ödəmələrin həyata keçirilməsi üçün “Milli Ön” aparatı, 9 kompüter dəsti mövcuddur. Mərkəzdə quraşdırılmış böyük monitorda xidmət sahələrinin adı, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədlərin icra müddəti, qanunvericilik bazası yerləşdirilib. Hər sahəyə məsul şəxs telefon və kompüter dəsti ilə təchiz edilərək, internetə çıxışla təmin olunub.

Mərkəzə daxil olan vətəndaş xidmət terminalında aidiyyəti üzrə bölməni seçir və terminal avtomatik növbəlilik məyyən edir. Vətəndaş aidiyyəti üzrə xidmətlər masasında əyləşmiş şöbənin məsul işçisinə sənədlərini təqdim edir, müraciətin həlli üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin minimum iş günü müəyyən edilir və vətəndaşa sənədin verilməsi tarixi barədə məlumat verilir. Xidmət bütövlükdə videolentə alınır, eyni zamanda gün ərzində xidmətlərin statistikası barədə serverdə avtomatlaşdırılmış uçot aparılır.

Operativ Xidmət Mərkəzində memarlıq və tikinti məsələləri üzrə 16, sosial-iqtisadi məsələlər üzrə 7, hüquq məsələləri üzrə 10, İƏD üzrə nümayəndəliklər və bələdiyyələr üzrə 8 xidmət olmaqla, ümumilikdə 41 sahə üzrə xidmət həyata keçirilir.

Tikintisinə icazə tələb edilən tikinti obyektinin istismarına icazə verilməsi, yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması, 2013-cü ilə qədər sənədsiz inşa edilmiş fərdi yaşayış evlərinin faktiki vəziyyətinin plan-sxeminin işlənilməsi və s. barədə məsələlərə qanunvericiliklə 30 gün müddətində baxılması nəzərdə tutulduğu halda, Mərkəz tərəfindən onların 5 iş günü müddətində icrası həyata keçirilir. Eyni zamanda, rüsum tələb olunan xidmətlərə görə vətəndaş banka getmədən Mərkəzdə quraşdırılmış terminal (Kapital bank) vasitəsilə ödənişi həyata keçirə bilir.

Mərkəzdə vətəndaş müraciətlərinin operativ həll edilməsi məqsədilə (3 rəqəmli nömrə - 164) “Qaynar xətt” yaradılıb, həmçinin xidmətlərin səmərəliliyinin artırılması üçün könüllülər fəaliyyət göstərir. “Qaynar xətt”ə daxil olmuş müraciət əsasında, RİH tərəfindən ayrılmış xüsusi avtomobil vasitəsilə məhdud hərəkətli vətəndaşlara öz ünvanlarında ilkin sənədləşmə işlərinə köməklik göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrasını daha səmərəli, həmçinin kreativ formada yerinə yetirmək məqsədilə ilk dəfə Gədəbəy rayonunda yaradılan Operativ Xidmət Mərkəzi vətəndaş məmnunluğunun yüksəldilməsini, əhalinin icra strukturlarına olan etimad və inamının daha da artırılmasını, keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmət göstərilməsini qarşısına məqsəd qoyur.

• Operativ Xidmət Mərkəzinin məqsədi

  • Sənədlərin aşkarlıq şəraitində qəbul edilməsi
  • Vaxt itkisinin qarşısının alınması
  • Süründürməçilik və korrupsiya hallarının qarşısının alınması
  • Vətəndaşın eyni vaxtda, vahid məkanda RİH-nin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasının təmin edilməsi
  • İşgüzar mühit, açıqlıq, həssas münasibət, yerli dövlət hakimiyyəti orqanlarında vətəndaşlara günün istənilən vaxtı müraciət etmək imkanı üçün açıq olması
  • RİH-nin vətəndaşın etimad ünvanına çevrilməsi
  • Vətəndaş məmnunluğunun yüksəldilməsi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti