Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Xocalı faciəsinin həqiqi günahkarlarını unutmayacaq.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Qeyd olunur ki, Türkiyə 28 il əvvəl ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş vətəndaşların xatirəsini anır:
“Bir millət – iki dövlət” deyərək biz azərbaycanlı qardaşlarımızla çiyin çiyinə dayanmaqda davam edəcək və bu qırğını törədənləri unutmayacağıq!”
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.
Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.