...

Prezident İlham Əliyev koronavirusla bağlı: Azərbaycanda bu xəstəliyin bu günə olan məlumata görə, yayılması ehtimalı o qədər də yüksək deyil

Siyasət Materials 3 Mart 2020 21:01 (UTC +04:00)
Azərbaycanda səhiyyə sahəsinin maddi-texniki bazası ən yüksək səviyyədə olmalıdır və biz buna nail oluruq.
Prezident İlham Əliyev koronavirusla bağlı: Azərbaycanda bu xəstəliyin bu günə olan məlumata görə, yayılması ehtimalı o qədər də yüksək deyil

Bakı. Trend:

Azərbaycanda bu xəstəliyin bu günə olan məlumata görə, yaılması ehtimalı o qədər də yüksək deyil.

Trend-in məlumatına görə, bunu Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edən Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşündə deyib.

Prezident İlham Əliyev bildirib:

"Goranboy Mərkəzi Rayon Xəstəxanasının açılışı münasibətilə sizi təbrik edirəm. Çox şadam ki, qısa müddət ərzində Goranboy şəhərində gözəl tibb mərkəzi yaradılıb. Mənim sərəncamımla iki il yarım bundan əvvəl tikinti başlamışdı və bu gün biz birlikdə bu xəstəxananı açırıq. Özünüz görürsünüz ki, burada bütün şərait ən yüksək standartlara cavab verir. Həm binanın özü çox müasirdir, yaraşıqlıdır, həm də burada quraşdırılan avadanlıq aparıcı şirkətlərin məhsuludur. Bu avadanlıq dünyanın aparıcı xəstəxanalarında olan avadanlıqlardan fərqlənmir. Belə də olmalıdır. Çünki mən demişəm ki, Azərbaycanda səhiyyə sahəsinin maddi-texniki bazası ən yüksək səviyyədə olmalıdır və biz buna nail oluruq.

Son 16 ildə Azərbaycanın ancaq bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir. Beləliklə, ancaq bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Əlbəttə ki, bu tibb ocaqları insanların sağlamlığına xidmət göstərir. Bakı şəhərində də bir çox xəstəxanaların tikintisi, təmiri artıq yekunlaşıb. Bütövlükdə, son 16 ildə ölkəmizdə 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub.

Əlbəttə ki, buna böyük vəsait lazımdır və dövlət büdcəsinin xətti ilə bu vəsait ayrılır. O cümlədən bu xəstəxana da dövlət investisiya proqramı çərçivəsində, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının əsasında inşa edilib. Bunun əsas məqsədi vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsidir.

Bu gün demək olar ki, bütün şəhərlərimizdə müasir tibb müəssisələri fəaliyyət göstərir. Bu tibb müəssisələrində həm müalicə, həm də diaqnostika aparmaq üçün bütün imkanlar var. Təsadüfi deyil ki, ildən-ilə müayinədən keçən vətəndaşların sayı artır və keçən il 5 milyona çatıb. Beş milyondan çox insan tibbi müayinədən keçib. Mən 10 il bundan əvvəl vətəndaşlara belə bir tövsiyə etmişdim ki, ildə bir dəfə hər bir vətəndaş müayinədən keçsin, öz sağlamlığı haqqında onda da, həkimlərdə də məlumat olsun, lazım olan halda müalicə alsın, cərrahiyyə əməliyyatından keçsin. Ancaq o vaxt lazımi şərait yox idi, bu gün isə bu şərait var. Ona görə belə gözəl tibb mərkəzinin yaradılması bizim siyasətimizin göstəricisidir. Baxmayaraq ki, buradan o qədər də uzaqda olmayan Naftalan şəhərinin müasir tibb ocağı var və kiməsə belə gələ bilərdi ki, o xəstəxana Goranboy sakinləri üçün də xidmət göstərə bilər. Ancaq mən dedim ki, yox, Goranboyda xüsusi olaraq mərkəzi rayon xəstəxanası tikilməlidir. Çünki əvvəlki xəstəxananın binası artıq heç bir standartlara cavab vermirdi.

Bu, bir daha onu göstərir ki, bu istiqamətdə məqsədyönlü dövlət siyasəti aparılır. Belə gözəl şəraitdə həkimlər, əlbəttə ki, xəstələrə keyfiyyətli tibbi xidmət göstərməlidirlər. Xəstəxana, eyni zamanda, həkimlərin iş yeridir. Mənə verilən məlumata görə, burada 125 həkim və çox sayda tibb işçisi fəaliyyət göstərir. Ona görə belə gözəl şəraitin yaradılması həkimlərin məsuliyyətini də artırmalıdır. Xəstələrə həm diqqət və qayğı, həm də keyfiyyətli tibbi xidmət göstərilməlidir. Əminəm ki, bu xəstəxananın həkimləri vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərəcəklər.

Hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir və demək olar ki, bütün ölkələrdə bu məsələ müzakirə olunur. Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Eyni zamanda, göstəriş vermişəm, əlavə 10 milyon manat vəsait ayrılsın ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın. İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir. Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın.

Eyni zamanda, məktəblərin, ali məktəblərin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında müvafiq göstərişlər verilibdir. Bunun da məqsədi uşaqları, yeniyetmələri o xəstəlikdən qorumaqdır. Yəni, bütün lazımi tədbirlər görülür. Azərbaycanda bu xəstəliyin bu günə olan məlumata görə, yayılması ehtimalı o qədər də yüksək deyil. Ancaq deyə bilərəm ki, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıbdır.

Onu da deyim ki, heç bir ölkə bu günə qədər yükdaşımalarının həyata keçirilməsinə məhdudiyyət qoymayıbdır, o cümlədən Azərbaycan da. Bildiyiniz kimi, Azərbaycan tranzit ölkədir və biz uzun illər çalışırdıq ki, öz tranzit potensialımızı genişləndirək, buna nail ola bilmişik. Heç bir tranzit yüklər üçün məhdudiyyət qoyulmur. Ancaq biz bu sahəyə də xüsusi diqqət göstərərək tranzit yüklərin, xüsusilə Cənub istiqamətindən ölkəmizə daxil olan, həm Azərbaycan istehlakçıları, həm də qonşu ölkələrin istehlakçıları üçün lazımi yüklərin çatdırılması ilə bağlı mütəşəkkil qaydada işlər aparılır, müvafiq yük maşınlarından ibarət xüsusi kolonlar formalaşdırılır, polis müşayiəti təmin edilib. Eyni zamanda, göstəriş vermişəm, xarici sürücülərə yemək təqdim edilsin ki, onlar idarə etdikləri maşınlardan tez-tez çıxıb ictimai yerlərə getməsinlər. Yəni, hər bir xırdalığa qədər düşünülmüş addımlar atılır, bunun da məqsədi Azərbaycan vətəndaşlarını bu xəstəlikdən qorumaqdır. Bu günə qədər bizim bütün addımlarımız uğurla nəticələnib. Biz daim Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq və xəstəliyi aşkar etmək üçün testlərin ölkəmizə gətirilməsi ilə bağlı işlər aparılır, bu məsələ öz həllini tapır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti