...

Sədaqət Vəliyeva: Çoxpartiyalı və siyasi plüralizmin olduğu parlamentin qarşısında böyük vəzifələr dayanır

Siyasət Materials 13 Mart 2020 10:49 (UTC +04:00)
Sədaqət Vəliyeva: Çoxpartiyalı və siyasi plüralizmin olduğu parlamentin qarşısında böyük vəzifələr dayanır

Bakı. Trend:

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında iştirak edən cənab Prezident İlham Əliyevin çıxışı proqram xarakterli idi. Dövlət başçısı ölkəmizin sosial-iqtisadi sektoru ilə yanaşı ictimai-siyasi tərəflərinə də toxundu, əsas fəaliyyət istiqamətləri barədə danışdı.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev parlamentin qarşısında duran mühüm vəzifələri aydın şəkildə izah etdi:

“Aydındır ki, ölkəmizdə həyata keçirilən köklü islahatlar qanunvericilik hakimiyyətindən də yan ötə bilməzdi. Bu mənada xalqın iradəsi əsasında və demokratik, şəffaf seçkilərlə formalaşmış yeni parlament həmin reformalara adekvat cavab verməli, qanunvericilik sahəsində çevik və effektiv addımlar atmalıdır. Əslində, cənab Prezident çıxışında hansı sahələrin prioritet olduğunu da açıqladı və bir növ perspektiv işlərin konturlarını müəyyənləşdirdi”.

“Prezident İlham Əliyev deputatların vəzifə səlahiyyətlərini, fəaliyyət istiqamətlərini də göstərdi, bir sıra tövsiyələrini də verdi”,– deyə Sədaqət Vəliyeva əlavə edib ki, parlamentdə təmsil olunan deputatlar fəaliyyətləri ilə seçicilərinin etimadını doğrultmalıdır:

“Altıncı çağırış Milli Məclisdə 10-dan artıq siyasi partiya təmsil olunur. Çoxpartiyalı və siyasi plüralizmin olduğu parlamentin qarşısında əlbəttə ki, böyük vəzifələr dayanır. Bu kontekstdə cənab Prezident İlham Əliyev siyasi dialoq haqqında da danışdı. Ölkəmizin siyasi həyatında cərəyan edən proseslərə dərin təhlil verən dövlət başçısı eyni zamanda xarici anti-Azərbaycan dairələri tərəfindən yeni “beşinci kolon” axtarışları aparıldığını da dilə gətirdi. Bu mənada cənab Prezident ölkənin bütün siyasi qüvvələrinə, siyasi partiyalarına xəbərdarlıq etdi. Əslində, cənab Prezidentin bu istiqamətdə çağırışları yeni deyildi. Ölkə başçısı daim bu barədə çıxış edib və bildirib ki, məmləkət məsələlərinin, daxili problemlərimizin həllini sərhədlərimizdən kənarda axtarmayaq. Bu cür çağırış dəfələrlə olub. Amma çox təəssüf olsun ki, xarici anti-Azərbaycan dairələrinin “beşinci kolon”u olmaq niyyətində olan qaragüruhçular “üç meymun” prinsipi ilə siyasət yürüdürlər. AXCP, Milli Şura, Müsavat kimi dərnəklər xarici ölkələrin səfirliklərini gəzirlər, qrant, ianə üçün milli ideyamızı satışa çıxarırlar.

Bütün bunlar açıq söylənilməlidir və tənqid edilməlidir. Axı, hansı səbəbə görə biz sabitliyimizi, stabil, dinamik inkişafımızı məcburən Suriya, Liviya, Yəmən, Misir, Tunis, Venesuela, Ukrayna “demokratiyasına” dəyişdirməliyik? Bir ölkənin sabitliyi, sakitliyi dövlətdən də, milyardlarla vəsaitlərdən də vacibdir. Liviyanın, Misirin, Tunisin 50-100 milyard dollar, bəlkə də artıq pulları var idi. Bəs, həmin vəsaitlər indi haradadır? Məgər onlar həmin vəsaiti gördülər, ölkələrinin yenidən qurulmasına sərf etdilərmi? Xeyr etmədilər. Əksinə, hər gün yeni hərbi-siyasi oyunlarla həmin xalqları və dövlətləri məhv etdilər. Hər gün “demokratiya mahnısı” oxuyanlar cavab verə bilərlərmi ki, demokratiya adı altında dağılmış, Suriya, Liviya, Misir, Tunis, ərazisinin yarısını itirmiş Ukrayna nə qazandılar? İrəlidə onları hansı perspektiv gözləyir?

Bax, bütün bunlara görə nəyin bahasına olursa olsun sabitliyimizi qorumalıyıq. Demokratiya tədrici inkişaf prosesidir, o idxal olunmur, təyin edilmir, quraşdırılmır. Buna görə də, xarici anti-Azərbaycan dairələrinin yeni “beşinci kolon”u olmağa çalışanlar bir daha düşünsünlər ki, xalqın, dövlətin maraqları əleyhinə getmək xəyanətdir”.

Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin parlamentdəki çıxışı hər bir deputat, hər bir siyasətçi üçün fəaliyyət istiqaməti olmalıdır. Çünki, dövlət başçısı prioritetləri də, əsas prinsipləri də, istiqamətləri də aydın şəkildə göstərdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti