...

Əli Hüseynli: Şuşanın işğalına hüquqi qiymət verilib

Siyasət Materials 8 May 2020 12:17 (UTC +04:00)
Əli Hüseynli: Şuşanın işğalına hüquqi qiymət verilib

Bakı. Elçin Mehdiyev – Trend:

Şuşanın işğalına hüquqi qiymət verilib. O zaman bununla bağlı Ali Məhkəmədə məhkəmə prosesi olub.

Trend-in məlumatına görə, bunu Milli Məclis Sədrinin I müavini, parlament Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Onun sözlərinə görə, işğala hüquqi qiymət verilərkən Şuşanın işğalına şərait yaradılan məsələlərə də qiymət verilib:

"O zaman hakimiyyətdə olan və hakimiyyətə iddialı olan qüvvələrin mübarizəsi nəticəsində yaranan şərait həm də Şuşanın işğalı üçün bir şərait idi. Buna tam hüquqi qiymət verilib və heç bir halda bizim tərəfimizdən başqa cür yozula bilməz. Şuşa Ermənistan tərəfindən işğal olunub. Amma o zaman Azərbaycanda yaranmış siyasi vəziyyətə hər zaman olduğu qiyməti verəcəyik”.

Xatırladaq ki, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı sistematik təcavüz siyasətinin tərkib hissəsi olaraq, 1992-ci ilin may ayının 8-də Ermənistan silahlı qüvvələri tərəfindən tarixi Azərbaycan şəhəri olan Şuşa işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.

Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malik olan, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub. Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Aşağı Gövhərağa və Saatlı məscidləri, Vaqifin mavzoleyi, Natavanın evi və digər abidələr var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti