...

Rusiyalı deputat: Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir

Siyasət Materials 27 May 2020 15:17 (UTC +04:00)
Rusiyalı deputat: Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir

Trend-i buradan izləyin

Bakı. Hüseyn Səfərov - Trend:

Müasir Azərbaycan əməkdaşlıq etdiyi ölkələrin maraqlarına hörmət etməklə öz suverenliyinin müdafiəsinə yönəlmiş müstəqil xəttini dəqiq həyata keçirir.

Bunu Trend-ə Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib.

O bildirib ki, Respublika Günü ölkənin müstəqillik dövründə müxtəlif sahələrdə nailiyyətləri barədə danışmaq üçün yaxşı məqamdır. Onun sözlərinə görə, bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir:

“Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, dünya birqütblü olmaqdan çıxıb, ona görə də ölkənin əsas xarici siyasi xətti əməkdaşlığa yönəlmiş bərabərhüquqlu və sülhsevər dialoqdur. Müasir Azərbaycan əməkdaşlıq etdiyi ölkələrin maraqlarına hörmət etməklə öz suverenliyinin müdafiəsinə yönəlmiş müstəqil xəttini dəqiq həyata keçirir. Prinsipial, eyni zamanda çevik xarici siyasət dünya ictimaiyyətinin hörmətinə səbəb olur və qlobal məsələlərin həllində Azərbaycanın nüfuzunu artırır”.

Rusiyalı deputatın sözlərinə görə, son 15 il ərzində ölkə iqtisadiyyatı üç dəfədən çox artıb və bu, özünəməxsus dünya rekordudur:

“Təsadüfi deyil ki, Azərbaycan aparıcı beynəlxalq təşkilatların reytinqlərində bir çox meyarlara görə ön sıralardadır. Səmərəli neft-qaz sektoru, sənaye infrastrukturu və müasir aqrar kompleks Azərbaycan iqtisadiyyatının uğurlarının əsas tərkib hissəsidir. Eyni zamanda ölkə ildən-ilə enerji ehtiyatlarının hasilatından asılılığını azaltmaqla iqtisadiyyatı şaxələndirməyə yönəlib. Təbii ki, koronavirus pandemiyası digər ölkələrdə olduğu kimi, Azərbaycanın da iqtisadi göstəricilərinə təsir göstərəcək. Amma bu, Azərbaycanın nəhəng potensialına mane olmur. Unikal coğrafi mövqeyə, təbii ehtiyatlara və ixtisaslı kadrlara malik olan ölkə qlobal layihələrin və beynəlxalq investisiyaların reallaşdırılması üçün əlverişli məkan olaraq qalacaq”.

Azərbaycanın reallaşdırdığı nəqliyyat-logistika və enerji layihələrinin səmərəliliyindən danışan D.Savelyev vurğulayıb ki, Heydər Əliyevin “Əsrin müqaviləsi” ilə əsası qoyulmuş enerji strategiyası məhsullarını verməkdə davam edir:

“2019-cu ilin noyabrında TANAP boru kəmərinin Avropa ilə birləşməsi təntənəli şəkildə baş tutdu. Bu, Azərbaycanı Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verən dövlətə çevirir və enerji daşıyıcılarının ixrac coğrafiyasını genişləndirir. Amma postneft dövründə dayanıqlı inkişaf üçün iqtisadiyyatın şaxələndirilməsi vacibdir, ona görə də ölkə mühüm maliyyə ehtiyatlarını daxili və regional nəqliyyat infrastrukturuna yerləşdirib. Beynəlxalq hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanın tikintisi və işə salınmasını diqqətə alsaq, bir məsələ aydın olur: açıq dənizlərə çıxışı olmayan Azərbaycan Avrasiya məkanında səmərəli nəqliyyat və logistika qovşağına çevrilib, öz ərazisindən tranzit yük daşımalarının etibarlı təminatçısı statusunu alıb. Dünya iqtisadiyyatının gələcək prioritetlərinin dəyişməsindən asılı olmayaraq regional nəqliyyat dəhlizləri dünya ticarət sistemi üçün əhəmiyyətini hər zaman saxlayacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti