...

Ermənistanın pandemiyanın əlində aciz qalması Paşinyan hakimiyyətinin ən böyük uğursuzluq göstəricisi kimi tarixə düşəcək - Ekspert

Siyasət Materials 6 İyul 2020 12:17 (UTC +04:00)
Ermənistanın pandemiyanın əlində aciz qalması Paşinyan hakimiyyətinin ən böyük uğursuzluq göstəricisi kimi tarixə düşəcək - Ekspert

Bakı. Samir Əli - Trend:

Ermənistanın koronovirusla mübarizədə gəlib çıxdığı hazırkı acınacaqlı vəziyyət mövcud hakimiyyətin apardığı yarıtmaz sosial-iqtisadi və beynəlxalq siyasətin məntiqi nəticəsidir.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, pandemiya ilə uğurlu mübarizə aparılmasının həlledici şərtləri olan xalq qarşısında məsuliyyət, təcrübə, sosial-iqtisadi və infrastruktur potensialı Ermənistanda demək olar ki yetərli səviyyədə deyil:

"Qonşu Azərbaycanın koronavirusla mübarizədə əldə etdiyi yüksək nəticələrin əsl səbəblərini təhlil etdikdə Ermənistanın indiki ağır duruma düşməsinin qaçılmaz proses olduğuna bir daha əmin olmaq mümkündür. Ermənistanda həm birbaşa koronavirusla mübarizə üçün sistemli dövlət modeli yaratmaq kimi vacib istiqamət kənara qoyuldu, həm də ölkənin onsuz da zəif və dağılmış iqtisadiyyatı daha da pis vəziyyətə düşdüyü üçün əhalinin sosial rifahına yönəlmiş heç bir dəstək addımı praktik olaraq atılmadı. Paşinyan hakimiyyətinin adət etdiyi populist fəaliyyət üsullarının pandemiya ilə mübarizədə də uğurlu ola biləcəyinə götürdüyü hesablar tam iflasa uğradı".

Baş redaktor deyib ki, Ermənistan hakimiyyətinin ölkəni pandemiyadan qorumaqda heç bir qabaqlaylcı fəhminin, zəruri təcrübə və təşkilatçılığının olmadığı özünü ən pis formalarda göstərdi: "İlk anlardan öz xalqı qarşısında lazımi məsuliyyət hissinə malik başqa ölkə hakimiyyətləri qabaqlayıcı tədbirlər haqqında qərarlar verərək iş gördükləri halda Paşinyan cəmiyyətin taleyini təbii axara buraxdı. Bir çox məqamlarda Paşinyanın pandemiya ilə mübarizənin nə qədər ciddi bir vəzifə olduğunu yetərincə anlamadığına dair sübutlar var. Paşinyanın iş-işdən keçəndən sonra İrəvanın küçələrində ona-buna populistcəsinə maska paylaması gecikmiş addımın effektindən o yana gedə bilmədi. Azərbaycanın və Ermənistanın pandemiya ilə mübarizə modellərinin müqayisəsi onların həqiqətən də nə qədər əks qütblərdə dayandığını bariz şəkildə göstərir. Azərbaycanın malik olduğu böyük iqtisadi güc, geniş infrastrukturlar, üstəlik hakimiyyətin sistemli fəaliyyəti dünyada mütləq fərqli müsbət nəticələr əldə edilməsinə imkan verdi, Azərbaycan vətəndaşlarının, iş adamlarının, işsizlərin və aztəminatlıların həyatını yaxşılaşdırmaq üçün əlavə addımlar atıldı. Azərbaycanın güclü beynəlxalq mövqeləri pandemiya ilə mübarizəni dünya prosesləri ilə əlaqələndirməyə yüksək səviyyədə imkan verdi, Azərbaycan hətta başqa ölkələrə də yardım etdi. Etmənistanda isə hakimiyyətin hazırlıqsız və məsuliyyətsiz davranışları bu ölkəni açıq şəkildə kömək üçün xaricə ağız açmaq kimi hörmətsiz duruma saldı. Paşinyanın öz ölkəsini ən neqativ proseslərin lideri adlandırması və etiraf etməsi bütün hallarda müstəqil dövlətçilik adı ilə bir araya sığmayan rüsvayçılıqdır. Bütün dünya gördü ki, dövlətlər öz xalqlarının sağlamlığı naminə real işlər gördüyü vaxtda Paşinyan Azərbaycandan işğal yolu ilə müvəqqəti qopardıqları torpaqlarda yolverilməz kütləvi tədbirlər və inauqurasiya şouları göstərir.

Pandemiya əleyhinə uğurlu mübarizə ilə Azərbaycan bir daha göstərdi ki, belə nəticələri yalnız həqiqətən müstəqil siyasət aparan ölkələr əldə edə bilər. Paşinyanın "pandemiya ilə mübarizədə məğlub olduq' kimi etirafı sübut edir ki, Ermənistan kimi stabil və ya müstəqil siyasət kursu olmayan ölkələr hətta koronavirus pandemiyasından da zəif dalğalar qarşısında duruş gətirə bilməz.

Paşinyan öz ölkəsinin virusa yoluxmada lider olduğunu etiraf etməklə təsdiqlədi ki, başqa ölkələr ümummilli əhəmiyyətli missiya həyata keçirdiyi vaxtda Ermənistan hökuməti öz siyasi rəqiblərini məhv etmək və sıradan çıxarmaq üçün diktaturanı gücləndirməklə məşğul olub. Ermənistanın pandemiyanın əlində aciz qalması Paşinyan hakimiyyətinin ən böyük uğursuzluq göstəricisi kimi tarixə düşəcək və əslində onun hakimiyyətinin taleyini həll edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti