...

Xarici KİV-lər Ermənistanın hərbi təxribatını geniş işıqlandırır (FOTO)

Siyasət Materials 14 İyul 2020 16:47 (UTC +04:00)
Xarici KİV-lər Ermənistanın hərbi təxribatını geniş işıqlandırır (FOTO)

Bakı. Trend:

Bir sıra aparıcı xarici kütləvi informasiya vasitələri Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatı və Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırır.

Trend xəbər verir ki, dünyanın 40-a yaxın ölkəsinin KİV-ləri, o cümlədən Türkiyə, Çin, İndoneziya, Malayziya, Avstraliya, Koreya Respublikası, İran, İtaliya, Almaniya, Fransan Rusiya, Ukrayna, Belarus, Rumıniya, Bolqarıstan, Moldova, Özbəkistan, Qırğızıstan, Bosniya və Herseqovina, Serbiya, İsrail, Misir, Səudiyyə Ərəbistanı, İordaniya, Mərakeş, Oman, Sudan, Livan mediası bu istiqamətdə informasiyalar, analitik yazılar, ekspert rəyləri yayıblar.

Yayılan materiallarda Ermənistanın təxribatçı hərəkətləri, xüsusilə də mülki əhalinin atəşə tutulması kəskin şəkildə pislənilib, Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışından fikirlərə geniş yer verilib. Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA), İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyinin (UNA) rəsmi saytlarında Prezident İlham Əliyevin çıxışına istinadla çoxsaylı xəbərlər yerləşdirilib.

Xarici media Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması, artilleriya qurğularından istifadə etməklə Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutması barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-hücumu nəticəsində Ermənistan silahlı qüvvələrinin hücumu dəf olunub. Ermənistan tərəfinin hər hansı ərazi əldə etmək cəhdi boşa çıxıb.

KİV-lər xüsusilə də dövlətimizin başçısı İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında söylədiyi “Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər” fikirlərinə xüsusi diqqət ayırıblar.

Materiallarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzkarlıq siyasəti ilə bağlı tarixi faktlar da yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti