...

Prezident İlham Əliyev: Son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, Ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi

Siyasət Materials 15 İyul 2020 21:26 (UTC +04:00)
Prezident İlham Əliyev: Son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, Ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi

Bakı. Trend:

Son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, Ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqində deyib.

Dövlət başçısı bildirib:

"Mən hesab edirəm ki, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, Ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi.

O ki qaldı bu erməni hərbi təxribatının səbəblərinə, əlbəttə ki, bu səbəbləri biz tam dəqiqliklə bilə bilmərik, bunu həyat göstərər. Ancaq bir çox məntiqli ehtimallar mövcuddur və bu haqda mən Azərbaycan vətəndaşları ilə öz fikirlərimi bölüşmək istərdim. Hesab edirəm ki, birinci səbəb Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Bu, heç kimə sirr deyil. Xaricdən maliyyələşən, xarici fondlardan maaş alan, onlardan təlimat alan və onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yollarla zəbt edəndən sonra bir çox vədlər vermişdi. Ermənistanda çiçəklənmə, cənnət olacağını vəd vermişdi. Bəyan etmişdi ki, qısa müddət ərzində Ermənistana on milyardlarla dollar sərmayə qoyulacaq, qısa müddət ərzində Ermənistan əhalisi 5 milyona çatacaq - halbuki indi Ermənistan əhalisi 2 milyondan azdır, - Ermənistanda bütün həyat yenidən qurulacaq, ədalət olacaq, demokratiya inkişaf edəcək, insan haqları qorunacaq və digər vədlər vermişdi. Erməni xalqı Sarkisyan rejimindən o qədər bezmişdir ki, o, kimə istəsən inanardı. O çevrilişi təşkil edənlərin başında başqa adam olsaydı, ona da gedib səs verəcəkdi. Çünki Sarkisyan rejiminə nifrət həddindən artıq böyük idi və bundan istifadə edib hakimiyyəti zor gücü ilə zəbt etmiş bu qruplaşma bu vədləri sonra yerinə yetirməli idi. Ancaq necə yerinə yetirsin ki, təcrübə yox, səriştə yox, daxili resurslar yox, xarici investisiyalar qoyulmayıb. Əksinə, xarici investorları indi çürüdürlər, məhkəmə çəkişmələrinə cəlb edirlər. Bu gün Ermənistanın ayaqda dayanmasını şərtləndirən strateji investorları məhkəməyə çəkirlər, onları korrupsiyada ittiham edirlər, hətta necə deyərlər, bel bağladığı ölkənin şirkətlərinə qarşı çirkin əməllər törədirlər. Əlbəttə ki, bütün bunlar istənilən potensial investoru qorxudacaq. Əgər, sənin ölkənə pul qoyan, orada infrastruktur yaradan, insanları işlə təmin edən ən yaxın şirkətlərə belə münasibət bəsləyirsənsə, onda başqa ölkələrin investorları nə fikirləşsin?!

Ona görə bu vədlərin iflasa uğraması təbii ki, Ermənistanda artıq böhranlı vəziyyətin yaranmasına gətirib çıxarıb. Hakimiyyət buna necə reaksiya verib? Cəmiyyəti birləşdirmək əvəzinə, əksinə, indi siyasi məhbuslar yaradır, siyasi opponentlər həbs edilir, təqib olunur, onların toxunulmazlığı götürülür, konstitusiya kobudcasına pozulur, konstitusiyaya qanunsuz düzəlişlər edilir, hansı ki, bu düzəlişlər ancaq referendumla oluna bilərdi. Bilirlər ki, referendumda bu düzəlişlər keçməyəcək. Hakimiyyət zəbt olunub və hakimiyyət bölgüsü yoxdur. Hakimiyyət bir adamın əlində cəmləşib və demokratiyadan əsər-əlamət yoxdur və heç vaxt olmayıb. Faşist dövlətində hansı demokratiya, insan haqlarından söhbət gedə bilər. Amma indiki vəziyyət daha da acınacaqlıdır. Ona görə ki, iqtisadi sahədə vədlər yerinə yetirilmədi, siyasi cəhətdən Ermənistan özünü təcrid vəziyyətə qoydu. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı onların ağılsız addımları bir daha bunu göstərir. Bütün dünya bizi dəstəklədi, əleyhinə çıxan yeganə ölkə Ermənistandır.

Demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, fikri bu əsas məsələlərdən yayındırsın və şüurlu şəkildə bu təxribata əl atdı. Nə üçün məhz iyulun 12-də? Bu da təsadüfi deyil. İndi Ermənistanda bunu başqa hadisələrlə əlaqələndirirlər. Mən bu məsələyə toxunmaq istəmirəm. Çünki mən heç vaxt ailə məsələlərinə toxunmamışam və heç kimə məsləhət görmürəm. Amma mən hesab edirəm ki, iyulun 10-da artıq rəsmən açıq elan edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyası bunun əsas səbəbi olub. Çünki, bu, ölkəmizin növbəti böyük uğurudur, növbəti böyük qələbəsidir, 130 ölkə bizi dəstəklədi. Azərbaycan o ölkədir ki, gündəliyi zəbt etmiş COVID-19 məsələsi diqqətə gətirildi, iki böyük Zirvə görüşü keçirildi və ondan sonra BMT-nin Baş Assambleyasının xüsusi sessiyası. Budur səbəb. Səbəblər çox ola bilər. Sadəcə olaraq, mən öz fikirlərimizi bölüşmək istəyirəm, fakt odur ki, Ermənistanın hərbi təxribatı məhz bu vaxtlarda təsadüfən törədilməyib. Amma layiqli cavab verildi. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu vəziyyətə tam nəzarət edir. Onu da bildirməliyəm ki, baxmayaraq, kəndlərimiz atəşə tutuldu, ağsaqqal həlak oldu, bizim kəndlərimizdə yaşayan insanlardan bir nəfər də yerindən tərpənmədi, bir nəfər də heç yerə getmədi. Amma bizdə olan operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, bəzi şəhərlər boşaldılır. İndi panika yaranıbdır. Bax, fərq budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti