...

Deputat: Həbçilərimizin yüksək vətənpərvərliyi xalqımızı qürurlandırdı, düşmənlərimizdə isə ciddi qorxu yaratdı

Siyasət Materials 7 Sentyabr 2020 16:47 (UTC +04:00)
Deputat: Həbçilərimizin yüksək vətənpərvərliyi xalqımızı qürurlandırdı, düşmənlərimizdə isə ciddi qorxu yaratdı

Bakı. Elçin Mehdiyev – Trend:

Vətən müqəddəsdir, hər bir insanın qəlbində Vətənə sevgi və vətənpərvərlik hissi daim yüksəkdə olmalıdır. Vətəni sevmək hər bir insanın mənəvi borcu olmaqla yanaşı, həm də onun ən ümdə duran vətəndaşlıq missiyası olmalıdır. Çünki Vətəni sevmədən, onu qorumadan o torpaqda yaşamağa heç kimin mənəvi haqqı çatmır.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Vətənə sevgi, vətənpərvərlik hissi nə qədər yüksək olarsa, cəmiyyət, dövlət o qədər sürətlə inkişaf edər, qüdrətli və yenilməz olar, düşməndə qorxu yaradar:

“Vətənə sevgi olmadan onun parlaq gələcəyi haqqında düşünmək əsla olmaz. Daim Vətən sevgisi ilə hər kəsə nümunə olan Ulu öndər Heydər Əliyev həm sovetlər dönəmində, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə gənclərimizin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük diqqət göstərib. Ümummilli liderin siyasətini, ideyalarını bu gün uğurla davam etdirən cənab Prezident İlham Əliyev deyib: "gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda böyüməlidirlər, Vətənə sevgi ilə yaşamalıdırlar".

Müharibə şəraitində olmağımız, torpaqlarımızın 20 faizinin erməni işğalı altında olması isə vətənpərvərlik ruhunun aşılanmasını olduqca mühüm məsələyə çevirir və bu istiqamətdə məsuliyyətimizi qat-qat artırır”.

Deputat vurğulayıb ki, hərbi vətənpərvərlik hissinin yüksək olması ordunun gücünə birbaşa dəlalət edir: “Ordunun gücü yalnız əsgərlərin, silah-sursatın sayı ilə deyil, eyni zamanda hərbi vətənpərvərlik, döyüş ruhu ilə ölçülür. Bununla bağlı şanlı türk tarximizdə kifayət qədər nümunələr var ki, vətənpərvərlik ruhu yüksək olan azsaylı ordular çoxsaylı ordulara qalib gəlib. Misal üçün, 1396-cı ildə Osmanlı imperiyası ilə Avropadakı xristian dövlətlərin təşkil etdiyi xaçlı ordusu arasında baş vermiş və 60 minlik Osmanlı ordusu qarşısında 130 min nəfərlik xaçlı ordusunun 100 minə yaxın itki verərək məğlub olduğu Niqbolu müharibəsi, 300 gəmi və 80 min nəfərlik xaçlı ordususunun 122 gəmi və 12 min nəfərlik Osmanlı ordusuna məğlub olduğu Perevezə dəniz müharibəsi, 1643-cü ildə 600 nəfərlə 50000 orduya qalib gələn Cahangir xan və bu kimi qalibiyyətlərə imza atan Çingiz xan, Şah İsmayıl və s. tarixi şəxsiyyətlərimiz yenə azsaylı ordularla digər əraziləri özlərinə tabe etdirmiş, zəfərlər qazanmışlar. Bu gün Azərbaycan Ordusunun qüdrətli olması, dünyanın ən güclü orduları srasına daxil olmasının əsas səbəblərindən biri də məhz orduda vətənpərvərlik hissinin, döyüş ruhunun yüksək olmasıdr”.

A.Həsənova vurğulayıb ki, gələcəyimiz olan gənc nəslin vətəpərvərlik ruhunda tərbiyə edilməsi hər zaman ölkəmizdə gənclər siyasətinin təməl prinsipləridən biri olub:

“Dövlətimizin bu istiqamətdə bugünə qədər apardığı işlər olduqca müsbət nəticələr verib. Bu gün gənclərimizin vətənpərvəlik hissi arzu olunan səviyyədədir. İstər Aprel döyüşlərində, istərsə də Tovuz istiqamətində gedən döyüşlər zamanı biz cəmiyyətimizin, xüsusuilə də gənclərimizin və hərbçilərimizin vətənpərvərlik hissinin nə qədər yüksək olduğunun bir daha şahidi olduq. Gənclərimiz küçələrə axışaraq Vətənin müdafiəsinə qalxdılar, torpaqlarımızın düşmən tapdağından azad olunması üçün döyüşməyə, canlarından belə keçməyə hazır olduqlarını bildirdilər.

Bu döyüşlər zamanı həbçilərimizin göstərdiyi yüksək vətənpərvərlik nümunələri bütün Azərbaycan xalqını çox qürurlandırdı, düşmənlərizdə isə ciddi qorxu yaratdı. Bu döyüşlər zamanı əsgər və zabitlərimiz Vətən uğrunda düşünmədən canlarından keçdilər. Bu haqda çoxlu sayda nümunələr göstərmək olar. Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun və bir neçə yüksək rütbəli zabitlərimizin qəhrəmancasına şəhid olması Azərbaycan ordusunda vətənpərvərlik ruhunun, döyüş əzminin ən yüksək səviyyədə olduğunu göstərdi.

Düşmən generalları arxa cəbhədə gizlənib əsgərləri qabağa verdiyi halda Azərbaycan generalları ön sırada əsgərləri ilə birgə döyüşür. Bu, dastanlara, əfsanələrə yazılacaq qəhrəmanlıq nümunəsidir. Yüksək vətənpərvəlik ruhu Azərbaycan Ordusunu daha qüdrətli və yenilməz edir”.

A.Həsənova vurğulayıb ki, uşaqların, gənclərin vətəpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində işlər daha da sürətləndirilməlidir və burada hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir: “Vətənə sevgi, vətənpərvərlik hissinin aşılanması əvvəlcə ailədən başlayır, daha sonra baxçada, məktəbdə, ali təhsil ocaqlarında davam etdirilir. Hər bir ailə öz övladına Vətən sevgisi aşılamalı, o cümlədən baxçalarda, məktəblərdə müəllimlər uşaqlarmıza dövlət bayrağını, dövlət gerbini, dövlət himnini sevdirməli, müstəqilliyimizin rəmzlərinə hörmətlə yanaşmağı öyrətməlidir. Bir sözlə, biz hər yerdə uşaqlarımıza, gənclərimizə vətənpərvərlik ruhunun aşılanmasını təmin etməliyik.

Bu istiqamətdə gənclərlə daim iş aparılmalıdır. Burada şəhid olmuş hərbçilərimizin keçdikləri həyat yolu, xidmət dövründə göstərdikləri şücayətlər, qəhrəmanlıqlar gənclərimizə aşılanmalı, təbliğ olunmalıdır. Bu iş orta məktəblərdə də aparılmalıdır, şagirdlərimiz qəhrəmanlarımızı tanımalı, onlardan örnək götürməlidirlər".

A.Həsənova, həmçinin gənclərə vətənpərvərlik ruhunun aşılanmasında gənclər təşkilatlarının üzrinə böyük məsuliyyət düşdüyünü qeyd edərək onları bu işdə daha fəal olmağa çağırıb.

Deputat bildirib ki, dövlət gənclər təşkilatlarının fəaliyyəti üçün bütün imkanları yaradıb, onların həyata keçirdiyi layihələr dövlət tərəfindən maliyyələşir. Bu baxımdan, gənclər təşkilatları daha məsuliyyətli davranmalı və gənclərimizə vətənpərvərlik ruhunun aşılanmasında xüsusi fəallıq göstərməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti