...

Prezident İlham Əliyev: Bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır

Siyasət Materials 30 Sentyabr 2020 17:09 (UTC +04:00)
Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər
Prezident İlham Əliyev: Bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır

Bakı. Trend:

Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu fikirləri Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə deyib.

Dövlət başçısı bildirib:

"Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Orduda ruh yüksəkliyi var. Siz də bunu yaxşı bilirsiniz. Cəmiyyətdə ruh yüksəkliyi var. Mənə artıq bu son 3-4 gündə hər gün çoxlu məktublar gəlir, həm ölkə vətəndaşlarından, həm də digər ölkələrin vətəndaşlarından. Xaricdən ən çox məktublar qardaş Türkiyədən gəlir. Türk qardaşlarımız o məktublarda bizimlə bərabər bu haqlı davada vuruşmaq barədə öz istəklərini ifadə edirlər. Mən onlara təşəkkür edirəm. Amma bir daha demək istəyirəm ki, buna ehtiyac yoxdur. Azərbaycan Ordusu kifayət qədər güclü ordudur, təchiz edilmiş ordudur. Biz bu işi elə həll etməliyik ki, tarixi ədalət bərpa olunsun. Eyni zamanda, qardaş Türkiyəyə, onun Prezidentinə, mənim qardaşım Rəcəb Tayyib Ərdoğana qətiyyətli mövqeyinə, qardaşlıq mövqeyinə görə bu gün sizin yanınızda sizin adınızdan, bütün Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Çünki əziz qardaşımın çox açıq açıqlamaları və sərt bəyanatları bir daha göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər. Bilirsiniz, danışıqlarla məşğul olan beynəlxalq format var. Əfsuslar olsun ki, bu format, heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış hesab edirəm ki, yersizdir. Bunu beynəlxalq təşkilatlar edir, bunu BMT edir. Biz bunu təbii ki, qəbul edirik. Bunu ATƏT edir, biz bunu qəbul edirik. Çünki ATƏT-in mandatı var. Yoxsa ki, kimsə deyir gəlin belə dialoqu başlayaq, biz də kömək edək, bunlara ehtiyac yoxdur. İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin? Həqiqət anıdır-mənim üçün, xalqımız üçün, hamımız üçün.

Əlbəttə ki, bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq. Bilirsiniz ki, Azərbaycan dünyada güclü mövqelərə malikdir. Son illər ərzində biz beynəlxalq təşkilatlarda kifayət qədər səmərəli fəaliyyət göstərmişik və haqlı olduğumuzu sübut edə bilmişik. Biz bunu sübut etməli idik ki, biz haqlıyıq. Artıq demək olar ki, bütün əsas beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, ATƏT – bütün bu təşkilatlar bizim mövqeyimizi dəstəkləyən bəyanatlar veriblər. Biz buna görə minnətdarıq. Bu, məsələnin hüquqi tərəfidir. Tarixi tərəfinə gəldikdə isə, tarixi həqiqət bizim tərəfimizdədir. Hər kəs internetə girib oxuya bilər. Qarabağ xanlığının tarixi ilə əlaqədar materiallar var. Qarabağ xanlığının Rusiya imperiyasına daxil edilməsi ilə əlaqədar məlumatlar var. Kürəkçay sülh müqaviləsi haqqında məlumatlar var. Kürəkçay sülh müqaviləsini bir tərəfdən bağlayan İbrahim Xəlil Xan şuşalı və qarabağlı, - müqavilədə belə də yazılmışdır, - şuşalı və qarabağlı İbrahim Xəlil Xan. Digər tərəfdən çar Rusiyasının generalı imzalamışdır. Kürəkçay sülh müqaviləsində erməni xalqı haqqında bir kəlimə də yoxdur. Bu, nəyi göstərir? Onu göstərir ki, o vaxt orada erməni əhalisi olmayıb, ondan sonra köçürülüb. Ondan sonra onlar artıq orada yerləşiblər və sonra bizə qarşı ərazi iddiaları qaldırıblar. Ona görə biz tamamilə haqlıyıq. Bizim davamız haqq davasıdır. Biz öz prinsipial mövqeyimizdən dönməyəcəyik. Mən bunu bütün beynəlxalq kürsülərdən dəfələrlə demişəm, bu gün də deyirəm ki, biz haqq yolundayıq. Ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti