...

Qondarma "hökumət"in Xankəndini tərk etməsi ilə bu rejiminin de-fakto mövcudluğuna son qoyulub - Politoloq

Siyasət Materials 7 Noyabr 2020 17:21 (UTC +04:00)
Qondarma "hökumət"in Xankəndini tərk etməsi ilə bu rejiminin de-fakto mövcudluğuna son qoyulub - Politoloq

Bakı. Elçin Mehdiyev – Trend:

Son bir ayda Ermənistan hakimiyyəti uzun illər boyu Dağlıq Qarabağ və ətraf rayonlarda zorla yerləşdirdiyi mülki insanları yalan vədlərlə aldadaraq orada qalmalarını təmin etməyə çalışırdısa, indi demək olar ki, faktiki olaraq Xankəndi və digər ərazilərdə mülki erməni qalmayıb. Sentyabrın 27-dən etibarən Azərbaycan Silahlı Qüvvələrinin başladığı uğurlu əks-həmlə və sülhə məcburetmə əməliyyatları son 20 ildə Dağlıq Qarabağ və işğal altında olan digər torpaqlarımızda qeyri-qanuni məskunlaşdırılan erməniləri kütləvi surətdə köçə məcbur edib. Artıq Dağlıq Qarabağda yaşayan mülki ermənilər də aydın dərk edirlər ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini yaxın zamanda tam məğlubiyyətə uğradacaq. Qondarma və marionet “Dağlıq Qarabağ respublikası”nın “hökuməti” noyabrın 4-də hərbi əməliyyatlarla əlaqədar Xankəndidən Yerevana köçürülüb. Qeyri-qanuni rejimin qondarma rəhbəri Araik Arutyunyan Ermənistana köçürülən vətəndaşlar üçün “sosial və inzibati xidmətləri həyata keçirən operativ qərargah”ın yaradıldığını da bildirib.

Bu sözləri Trend-ə açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib: “Azərbaycanın hər zaman olduğu kimi, indiki məqamda da Cenevrə konvensiyalarını rəhbər tutaraq Dağlıq Qarabağda yaşayan mülki əhaliyə münasibətdə də humanist mövqe nümayiş etdirməsinə baxmayaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyinin apardığı saxta təbliğatın təsiri altına düşən mülki ermənilər münaqişə bölgəsini tərk etməyi üstün tutublar. Bundan əlavə, yüksək çinli məmurlar da bölgəni tərk edirlər. Bu cür fərarilərə qarşı “sərt tədbirlərin görüləcəyi” bildirilib. Onların Xankəndini tərk edib Yerevana qaçması sadə xalq arasında kəskin etirazla qarşılansa da, əllərində ciddi informasiya olan erməni məmurlar artıq Xankəndi və Şuşanı tərk edirlər. Bu isə onların hərbi məğlubiyyətlərini dərk etmələridir”.

Ş.Həsənova qeyd edib ki, inzibati resursların da nəticə verməməsi səbəbindən qondarma hökumətin Xankəndidən Yerevana köçürülməsi ilə bağlı qərar verilib. Qondarma “DQR hökuməti”nin Yerevanın köçürülməsi isə sübut edir ki, bu qeyri-qanuni marionet rejim sırf Ermənistan rəhbərliyindən asılıdır. “Hökumət”in Xankəndini tərk etməsi ilə qondarma rejiminin de-fakto mövcudluğuna son qoyulub və Yerevanın “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyini” hansısa dövlətə tanıtdırmaq cəhdləri bundan sonra da uğursuzluğa düçar olacaq. Xankəndinin boşaldılması, məmurların bölgəni tərk etməsi Ermənistan cəmiyyətindəki vəziyyəti gərginləşdirməklə yanaşı, həm də ordunun şəxsi heyətində ruh düşkünlüyünü daha da artırıb ki, bu da Paşinyanın rəqibləri tərəfindən onun ciddi hərbi-siyasi məğlubiyyəti kimi qiymətləndirilir. Bu, eyni zamanda, “Dağlıq Qarabağda ikinci müstəqil erməni dövləti” iddialarının fiaskoya uğradığını simvolizə edən addım kimi səciyyələndirilir. Həm də sübut olunur ki, Xankəndi və işğal edilmiş digər ərazilərimizdə yaşayış üçün hər hansı infrastruktur imkanları mövcud deyil. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları düşmənin strateji əhəmiyyətli infrastrukturunu sıradan çıxarmır və ona yalnız işğal etdiyi əraziləri tərk etmək şansı verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti