...

Azərbaycanın parlaq zəfərini şərtləndirən amillər hansılar oldu? - ŞƏRH

Siyasət Materials 24 Noyabr 2020 23:33 (UTC +04:00)
Azərbaycanın parlaq zəfərini şərtləndirən amillər hansılar oldu? - ŞƏRH

Bakı. Elçin Mehdiyev – Trend:

Məlum olduğu kimi, Azərbaycanda güclü, nizami, müasir ordu quruculuğu cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edib. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alır.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, artıq nəinki beynəlxalq ekspertlər, hətta işğalçı dövlətin analitikləri də Azərbaycanın son 17 il ərzində ordu quruculuğunda mühüm uğurlara imza atdığını etiraf edirlər:

"Onu da deyim ki, 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan Ordusunun nəyə qadir olduğunun şahidi oldu. Belə ki, qısa müddət ərzində Ordumuz düşmənə sarsıdıcı zərbə vurdu, bununla da düşmən ordusunun məğlubedilməzliyi haqqında ermənilərin illərdən bəri yaratdığı mifi darmadağın etdi, Azərbaycanın da yetərincə hərbi gücə malik olduğunu təsdiqlədi".

Deputatın sözlərinə görə, hərbi hissələrimizdə son bir neçə ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı islahatlar, görülən tədbirlər öz bəhrəsini verdi, ordumuz tarix yazdı.

V.İskəndərov deyib ki, buna zəmin yaradan başlıca səbəblərdən biri də ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadiyyatı güclü olan dövlətin ordusu da güclüdür: "Belə ki, son 17 ildə respublikamızın dövlət büdcəsindən ordu quruculuğuna böyük həcmdə vəsait ayrılıb, Silahlı Qüvvələrimizin müasir silah-sursatla təminatı, kadrların peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılıb.

Məlum olduğu kimi, cənab İlham Əliyevin prezidentliyi dövründə hərbi xərclər hər il büdcə xərcləri arasında birinci yerdə dayandı. Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsini üstələdi. Məhz bu diqqətin nəticəsidir ki, bu gün Azərbaycan Ordusunun arsenalında dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir silahlar var. Bu silahlar düşmənin istənilən hədəfini dəqiqliklə nişan almağa və məhv etməyə qadirdir.

Ordumuz öz tərəfdaşlarının, o cümlədən də qardaş Türkiyənin silahlı qüvvələri ilə vaxtaşırı hərbi təlimlər keçirir ki, bu da şəxsi heyətin peşəkarlığının, döyüş hazırlığının artmasına öz müsbət təsirini göstərir. Eyni zamanda, Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq Azərbaycan qısa müddətdə özünün güclü müdafiə sənayesini qurmağa nail olub. Hazırda yerli müəssisələrdə buraxılan müxtəlif adda yüksəkkeyfiyyətli silah-sursat Ordumuzun təchizatında mühüm rol oynayır".

Bəhs edilən dövrdə Azərbaycan hərbçilərinin sosial müdafiəsinin gücləndirildiyini, onların mənzil-məişət problemlərinin həll edildiyini də deyən deputat bildirib ki, eyni zamanda hərbçilərin xidmət şəraiti ən müasir standartlara uyğun yenidən quruldu, yeni kazarmalar tikildi, Prezident İlham Əliyev müntəzəm qaydada hərbçilərin vəziyyətini öz şəxsi nəzarətində saxladı. Eyni zamanda, orduda nizam-intizam daim gücləndirildi, şəxsi heyətin müasir peşəkarlıq standartlarına uyğun hazırlanması prioritet təşkil etdi:

"Həm bunlar, həm də digər məqamlar isə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qələbəsini şərtləndirən amillərdən idi. Bu amillər sırasında strateji və taktiki planlaçdırmanı da xüsusi olaraq qeyd etməliyik. Çünki bu müharibə zamanı hərbi əməliyyatların strateji və taktiki planlaşdırmasında Azərbaycan dünyaya yeni model təqdim etdi. Bir sözlə, ikinci Qarabağ müharibəsində aparılmış uğurlu hərbi əməliyyatlar strateji və taktiki baxımdan da tarixə düşdü. Beləliklə də, uğurlu hərbi əməliyyatlar sayısində torpaqların böyük hissəsi düşməndən azad olundu və Ermənistan kapitulyasiyaya məcbur edildi. Azərbaycan bir güllə atılmadan, şəhid vermədən, qan tökülmədən cidd müdafiə sədləri qurulmuş Ağdam rayonunu geri qaytarmağa nail oldu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti