...

Dövlət başçısının çıxışında Ermənistana havadarlıq etmək istəyən dövlətlərə mesaj verilir - Alim

Siyasət Materials 19 Dekabr 2020 17:50 (UTC +04:00)
Dövlət başçısının çıxışında Ermənistana havadarlıq etmək istəyən dövlətlərə mesaj verilir - Alim

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son çıxışlarında, xüsusən MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında bir məqam diqqəti cəlb edir. Müzəffər Ali Baş Komandan ATƏT-in Minsk qrupunun yaradıldığı 1992-ci ildən keçən 28 il ərzində Ermənistana rəhbərlik edən ali vəzifəli şəxslərin beynəlxalq birliyi və vasitəçiləri aldatdığını xüsusi vurğulayır. Təbii ki, burada darmadağın edilmiş Ermənistandan daha çox ona hələ də havadarlıq etmək istəyən dövlətlərə mesaj verilir.

Bunu Trend-ə AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Onun sözlərinə görə, Ermənistan kimi siyasi, iqtisadi və psixoloji baxımdan “cırtdan” dövlətin aldatmaq cəhdləri “aldanmaq istəməyən” vasitəçilər olmadan mümkün deyildi. Çünki vasitəçi olan dövlətlərin həm kəşfiyyat, həm texniki, həm də siyasi imkanları Ermənistanı addım-addım izləməyə imkan verirdi. İllər ərzində işğal edilmiş ərazilərə səfərlər edən müşahidəçilər də bu faktlardan mütləq ki, xəbərdar olmuşlar:

"Deməli, Azərbaycan həm də diplomatik dildə törədilən dağıntıların, işğalın uzunmüddətli davam etməsinin səbəbkarları barədə məlumatlı olduğunu ifadə edir. Tez-tez sahibini dəyişməyə meyilli olan bu “elastik dövlətcik”dən fərqli olaraq Azərbaycan dövlətinin sözünün rəsmi sənədlərə atılan imza qədər etibarlı olduğunu göstərir".

Alimin sözlərinə görə, dövlət başçısının çıxışındakı mühüm məqamlardan biri də perspektivdə Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərin inkişafını necə görməsi ilə bağlıdır.

O əlavə edib ki, Azərbaycan bölgəni terror təşkilatlarının təlim bazasından sülh və əməkdaşlıq məkanına çevirmək niyyətlərini ifadə edir. Qarabağı qanunsuz ticarət və narkotranzit marşrutundan qanuni ticarət və tərəqqi bölgəsinə çevirməyi hədəfləyir. Gələcəkdə bölgədə bir dənə də olsun təhlükə mənbəyinin qalmaması üçün Türkiyə başda olmaqla Azərbaycana dost olan ölkələrin regionda quruculuq, bərpa prosesinə cəlb edilməsi vacibdir. Bu baxımdan, Azərbaycan dost ölkələrin şirkətlərini regionun bərpası prosesində podratçı şirkətlər kimi fəal iştiraka çağırır. Azərbaycanla dostluğun inkişaf və iqtisadi dividentlər, düşmənçiliyin isə regional layihələrdən kənarda qalmaq olduğunu göstərir. Yalnız bu cür yanaşma ilə bölgədə təhlükə və təhdidləri aradan qaldırmaq, işğal və işğalçı problemini kökündən həll etmək mümkündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti