...

“Xarıbülbül” musiqi festivalı: Şanlı Qələbəmizin musiqi paradı

Siyasət Materials 15 May 2021 11:55 (UTC +04:00)
“Xarıbülbül” musiqi festivalı: Şanlı Qələbəmizin musiqi paradı

Bakı. Trend:

Heydər Əliyev Fondunun təşkilatçılığı və şəxsən Fondun Prezidenti Mehriban Əliyevanın böyük səyi və zəhməti nəticəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən "Xarıbülbül" musiqi festivalı Zəfər tariximizin yeni bir salnaməsi oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun misilsiz fədakarlığı nəticəsində əldə etdiyimiz Qələbə münasibətilə keçirilən Zəfər paradından sonra bu festivalı Şanlı Qələbəmizin musiqi paradı da adlandırmaq olar. Xarıbülbül musiqi festivalı hər birimizi qürurlandırdı. Festivalın açılış mərasimində Ali Baş Komandanın da söylədiyi kimi, biz burada əbədi yaşayacağıq. Bu festival bizim üçün qayıdış və ləyaqət bayramıdır. Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi, Şuşada yeni məscidin təməlinin qoyulması, bayram namazı qılınması ədalətin təntənəsidir.

Trend xəbər verir ki, millət vəkili Tamam Cəfərova belə deyib.

Onun sözlərinə görə, Şuşada, Cıdır düzündə 1989-cu ildə keçirilən musiqi festivalının bu il 2021-ci ildə böyük atəşfəşanlıqla yenidən öz doğma torpağımızda keçirilməsi bizim milli mədəniyyətimizi, qədim tariximizi və musiqi ruhumuzu özümüzə qaytaran əlamətdar hadisədir. Prezident İlham Əliyev festivalın açılışında bu tədbirin şəhidlərin ruhuna həsr olunduğunu, Böyük Qələbə üçün qəhrəman hərbçilərimizə və Azərbaycan xalqına borclu olduğumuzu qeyd etdi - “Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir”. Dövlətimizin başçısı bununla da şəhid qanının yerdə qalmadığını, Şuşamızın başı üzərində dalğalanan bayrağımızın daim ucalarda olacağını bəyan etmiş oldu.

Festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələrinin də çıxış etməsi təsadüfi deyil, əksinə, bu, ölkəmizdəki milli həmrəyliyin nümunəsi olmuşdur. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna şəxsən cənab Prezident özü vermişdir, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Şuşadan, qədim torpağımızdan bir daha biz bütün dünyaya mesaj verdik - Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Hər gün bütün sferalarda uğurlu inkişaf yolu keçən Azərbaycan Respublikası dünyada çoxkonfessiyalı, multikultural dəyərlərə sadiq olan nadir ölkələrdəndir ki, ölkəmizdə olan digər xalqların nümayəndələri daim firavan, sülh, birlik və harmoniya şəraitində yaşayırlar.

Festivalda qürurverici duyğulu anlar da yaşandı. Konsert zamanı Ulu öndər Heydər Əliyevin Şuşa və işğal altında olan torpaqlarla bağlı arzularının əks olunduğu videoçarx nümayiş etdirildi. Daha sonra Prezident cənab İlham Əliyevin Şuşa ilə bağlı çıxışı da göstərildi. Bütün qonaqlar ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin nitqini ayaqüstə alqışladılar.

“Xarıbülbül” musiqi festivalı mədəni olduğu qədər siyasi baxımdan da böyük əhəmiyyətə malikdir. Uzun fasilədən sonra yenidən doğma Şuşamızda, Cıdır düzündə təşkil edilən bu tədbir Azərbaycanın gücünün göstəricisidir. Bəli, bu gün Azərbaycan durmadan inkişaf edir. Bu siyasi mesajlar ona işarədir ki, heç kim Azərbaycan torpağına göz dikə bilməz. Heç kim Azərbaycanla güc dilində danışa bilməz!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti