...

Cənubi Qafqazın inkişafını dəstəkləyən qüvvələr Azərbaycan və Ermənistan arasında Sülh sazişinin imzalanması üçün səylərini əsirgəməməlidirlər - Sevil Mikayılova

Siyasət Materials 2 Oktyabr 2021 11:18 (UTC +04:00)
Cənubi Qafqazın inkişafını dəstəkləyən qüvvələr Azərbaycan və Ermənistan arasında Sülh sazişinin imzalanması üçün səylərini əsirgəməməlidirlər - Sevil Mikayılova

Bakı. Trend:

Cənubi Qafqazın inkişafını dəstəkləyən qüvvələr Azərbaycan və Ermənistan arasında Sülh sazişinin imzalanması üçün səylərini əsirgəməməlidirlər.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, Cənubi Qafqazın gələcək inkişafı Azərbaycan və Ermənistan arasında Sülh sazişinin imzalanmasından keçir, bu səbəbdən regionda sülhün və inkişafın təmin olunmasını istəyənlər bu istiqamətdə töhfə verməlidirlər:

"Ermənistanla Azərbaycan arasında münaqişə bitdikdən sonra Cənubi Qafqazda nəhayət təhlükəsiz həyat, sabitlik və inkişaf üçün imkanlar yaranıb. Təəssüf ki, təhlükəsizlik mühitinin formalaşmasına süni əngəl yaratmaq istəyən qüvvələr var və onlar münaqişənin bitməsini heç cür qəbul edə bilmir, bununla da sülhün möhkəmlənməsi prosesini zərbə altına qoyurlar.

Regionda sülhün bərqərar olması Azərbaycanın rəsmi mövqeyidir və Azərbaycan Prezidenti cənab İlham Əliyev sülh sazişinə dair danışıqların başlanmasını vacib hesab edir. Lakin Azərbaycanın sülh sazişi üzərində hazırlıqlara başlamaq barədə çağırışlarına Ermənistan tərəfindən adekvat reaksiya verilməyib. Artıq Ermənistan anlamalıdır ki, regionda özünütəcrid statusunda qalmağın ağır fəsadları olur və məsələ ilə bağlı reallıqlardan cıxış edərək konstruktiv qərar verməlidir".

S.Mikayılova bildirib ki, Ermənistanda aqressiv yanaşmalara və revanşist çağırışlara yer olmamalıdır:

"Rəsmi Yerevanın öz addımlarına korrektələr etməsi artıq zamanın tələbidir və məsələ ilə bağlı sabit davranış olmadan irəliyə getmək mümkün olmayacaq. Ermənistan məğlub olmuş, həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən çökmüş ölkədir və yanlış addımlar əslində onun bu acınacaqlı vəziyyətini daha da ağırlaşdıracaq. Ümid etmək istərdik ki, Ermənistanda revanşist əhval-ruhiyyədə olan qüvvələrin xarici havadarları da həqiqəti anlamaqda özlərində güc tapacaqlar. Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək lazımdır, Azərbaycanın siyasi xəritəsində "Dağlıq Qarabağ" adlı ərazı vahidi, yaxud toponim mövcud deyil və Azərbaycan ərazisində yaşayan ermənilərə "muxtariyyət" verilməsindən söhbət gedə bilməz".

Deputat əlavə edib ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının sonadək icra olunması regionda sülh və sabitlik üçün əsas şərtdir və təhlükəsizliyin bərpa olunması üçün rəsmi Bakının irəli sürdüyü addımların həyata keçirilməsi zəruridir: "Ümid edirik ki, bölgədə və proseslərdə fəallıq göstərmək istəyən ölkələr və beynəlxalq təşkilatlar Ermənistanı konstruktiv mövqeyə gətirmək istiqamətində səylərini əsirgəməyəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti