Bakı. Elçin Mehdiyev – Trend:
İran Azərbaycana qarşı hörmətsizlik edib. Əyalət mollaları və rəsmi şəxslər çox yanlış ritorikadan istifadə ediblər və buna gerçəkdən ehtiyac, lüzum yox idi. Niyə? Çünki Azərbaycan hər zaman ləyaqətli qonşuluq siyasəti yürüdüb, kiməsə qarşı hörmətsizlik etməyib.
Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, hətta son proseslərdə də Azərbaycan tərəfi olduqca səbrlə davrandı, diplomatik etiketə riayət etdi, təmkinini pozmadı: “Amma hər şeyin bir həddi var. Səbrin tükəndiyi bir yer var. Təbii, artıq hansısa məqamda danışmalı, təpki göstərməli idik. Və göstərdik də. Azərbaycan müstəqil və öz siyasətini yürüdən, kimsədən çəkinməyən bir ölkədir. İkinci Qarabağ Müharibəsində də bütün dünya gördü ki, bizim liderimiz, bizim Ali Baş Komandanımız və Ordumuz hansı cəsarətə, hansı rəşadətə sahibdir. Ən azından bunlar nəzərə alınmalı idi. İran bilməli idi ki, onun cavabı çox gecikə bilməz və həmin cavab mütləq gələcək”.
Deputat vurğulayıb ki, İranın hərəkətləri, Azərbaycana münasibəti anlaşılan deyil: “Hətta Ermənistana yaxınlıqları da heç bir məntiqə sığmır. Nə din və İslam məntiqinə, nə də ədalət məntiqinə. Odur ki, əgər bu gün münasibətlərdə hər hansı gərginlik varsa, həmin gərginlik İranın günahı ucbatındandır. Eyni zamanda, hər kəs dərk etməlidir ki, Azərbaycanın sərhədləri toxunulmazdır və həmin sərhədlər boyunca kimsə kefi istəyən formada hərəkət edə bilməz. Biz dövlət olaraq özümüzə qarşı hörmət tələb edirik. Bu, bir tək İrana deyil, hamıya aiddir”.
Twitter: @ElchinMehdiyev