...

YAP Xətai rayon təşkilatının yaradılmasının 29-cu ildönümü qeyd edilib (FOTO)

Siyasət Materials 16 Fevral 2022 18:16 (UTC +04:00)
YAP Xətai rayon təşkilatının yaradılmasının 29-cu ildönümü qeyd edilib (FOTO)

Bakı. Trend:

Fevralın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının yaradılmasının 29-cu ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə qızıl gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Sonra YAP Xətai rayon təşkilatının akt zalında davam edən tədbirdə Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə rayon təşkilatının həyatında əlamətdar bir günün yaşandığını vurğulayaraq bildirib ki, arxada qalan illər uğurlarımızın davamlılığı ilə müşayiət olunub: “Bu gün sıralarında 16 mindən artıq üzvü birləşdirən YAP Xətai rayon təşkilatı partiyanın ilk təsis olunan təşkilatlarındandır. 29 il təşkilatın həyatında mühüm hadisələrlə yadda qalıb. Təşkilatın 29 illiyi münasibətilə bütün üzvlərini təbrik edir, yeni hədəflərin gerçəkləşdirilməsi istiqamətində səylərimizi daha da birləşdirməyi, gələcəyə doğru daim inamla irəliləməyi arzulayıram.”

Vüqar Rəhimzadə bildirib ki, bu il yaradılmasının 30 illik yubileyini qeyd edəcəyimiz Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə həyata vəsiqə alıb: “30 illik tarixin səhifələrini vərəqlədikcə bir gerçəkliyi böyük inam və qətiyyətlə bildiririk ki, qarşıya nə qədər çətinliklər çıxsa da, düşünülmüş və gələcəyə hesablanmış siyasətin nəticəsində onların hər biri öz müsbət həllini tapıb, Azərbaycan davamlı uğurları ilə diqqətdə olub. Bu gün Azərbaycan adını tarixə qalib ölkə kimi yazdığı üçün qürurludur. Təbii ki, bu uğura imza atmaq üçün böyük bir yol keçdik. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadıqları hər kəsin yaddaşındadır. Azərbaycan parçalanmaq, bir dövlət olaraq varlığını itirmək təhlükəsini yaşayırdı. Belə bir çətin zamanda xalqın sabahını düşünən ziyalıları çıxış yolu axtardılar. Xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə edən 91 nəfər ziyalı ölkəni düşdüyü ağır vəziyyətdən xilas edə biləcək partiyanın yaradılması ilə bağlı ulu öndər Heydər Əliyevə müraciət etdi. Hər zaman dövlətinin, xalqının gələcəyini düşünən, həyatının mənasını məhz Vətənə xidmətdə görən ümummilli lider Heydər Əliyevin bu müraciətə müsbət cavabı Onun nə qədər xalqına, dövlətinə bağlı olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etmək üçün yaradılan Yeni Azərbaycan Partiyası sonrakı illərdə ölkəmizin daha da qüdrətlənməsini, güclənməsini təmin etdi. YAP-ın yaranmasından cəmi 7 ay sonra onun yaradıcısı, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı həm ölkəmizin, həm də partiyanın həyatında yeni mərhələnin əsasını qoydu.”

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın 30 ildə qazandığı uğurların təhlili fonunda bu fikri xüsusi qeyd edib ki, 2003-cü ildə ulu öndər Heydər Əliyevin siyasi kursuna verilən dəstək, səs Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində böyük Qələbəsinə yol açdı. Bu gün hər bir Azərbaycan vətəndaşı, partiyanın hər bir üzvü bu Zəfərimizdən qürurludur, yeni reallıqların diktə etdiyi vəzifələrin yerinə yetirilməsinə öz töhfələrini verməyə çalışırlar.

Vüqar Rəhimzadə vurğulayıb ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının üzvü olmaq hər birimiz üçün böyük qürurdur. YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası qarşıdakı illər üçün nəzərdə tutulan hədəflərə yüksək səviyyədə nail olmaq iqtidarındadır. Bunları həyata keçirmək üçün mühüm əsaslar vardır.”
O da qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın ən qüdrətli siyasi təşkilatıdır. Partiyanın gücünün, qüdrətinin əsasında dayanan başlıca amil onun ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasıdır. YAP-ın gücünün, qüdrətinin digər mənbəyi də partiyanın Sədri cənab İlham Əliyevlə əlaqədardır. Bu gün partiyanın sıralarında 800 minə yaxın üzvün birləşməsi də YAP-ın yaradıcısı, ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, onun siyasi kursunun davamçısı Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir. Bu qüvvə Azərbaycanın daha da möhkəmlənməsi, qüdrətlənməsi istiqamətində səfərbər olunub, fəaliyyət göstərir və bundan sonra da hər cür fədakarlığı göstərməyə hazırdır.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, Yeni Azərbaycan Pariyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Müstəqilliyimizin bərpasının ilk illərində bu partiyanın yaranması tarixi zərurətə çevrilmişdi. Azərbaycanın parçalanması təhlükəsi xalqımızın ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün çağırışlarını gücləndirirdi. Çünki bütün vətəndaşlar yalnız Heydər Əliyevi xilaskar kimi görürdülər.

A.Rəhimzadə qeyd edib ki, 21 noyabr 1992-ci ildə yaranan partiyamız ulu öndər Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün qısa müddətdə təşkilatlandı və ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi.

“Ümumiyyətlə, partiyamız öz gücünü Heydər Əliyev ideyalarından alır» söyləyən Arif Rəhimzadə qeyd edib ki, biz bu ideyalar ətrafında birləşərək mütəşəkkil siyasi qüvvəyə çevrilmişik. Məhz Azərbaycanın bugünkü inkişafı Heydər Əliyev ideyaları ilə bağlıdır. Partiyamız bu ideyaların təbliğatçısıdır. Ötən 30 il ərzində YAP böyük bir inkişaf yolu keçib və bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. Bizim partiyamız döyüşkən və mübariz partiyadır. YAP üzvləri bütün strukturlarda təmsil olunur və Azərbaycanın inkişafı prosesində fəal rol oynayırlar. YAP-ın 30 illik fəaliyyətinə nəzər saldıqda bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Partiyamızın Sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, paritiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək. Yeni Azərbaycan Partiyasının VII qurultayı tarixi Zəfərimizin yaratdığı yeni reallıqlara söykənərək keçirildi və qarşıya yeni vəzifələr qoydu. Bu gün partiyanın hər bir üzvü bu vəzifələrin uğurla icra edilməsinə səy göstərir.

A.Rəhimzadə bir daha YAP Xətai rayon təşkilatının hər bir üzvünü əlamətdar gün münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Partiyanın yarandığı dövrdə ictimai-siyasi durumun ağır vəziyyətdə olmasından, insanların sabaha olan ümidlərinin itməsindən bəhs edən “91-lər”in üzvü, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, professor Sudeyf İmamverdiyev qeyd edib ki, 1992-ci il noyabrın 21-də təsis konfransını keçirən Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyasına çevrilərək xalqda sabaha inam yaratdı, qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirməklə ölkənin inkişafına, tərəqqisinə yol açdı. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının həyatında da yeni mərhələnin əsasını qoydu. YAP iqtidar partiyası kimi mövqeyini möhkəmləndirdi, qələbələri ilə cəmiyyətdəki nüfuzunu bir daha nümayiş etdirdi.

S.İmamvediyev vurğulayıb ki, bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başlayıb. Ötən il martın 5-də partiyanın Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq keçirilən VII qurulayında qəbul olunan qərarlar Yeni Azərbaycan Partiyasının qarşısında geniş imkanlar açır. Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amillər olduğunu önə çəkən ölkə Prezidenti İlham Əliyev bunu belə əsaslandırır ki, “xalq”, “millət” anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər.

YAP-ın Veteranlar Şurasının üzvü bu fikri xüsusi qeyd edib ki, belə bir partiyanın üzvü olmaq böyük xoşbəxtlikdir. Bu partiya Vətənin, dövlətin ən ağır zamanlarında yaranıb və Azərbaycanı bugünkü inkişafa, qalibiyyətə gətirib çıxarıb. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu atdığı addımları ilə sübut edir.
Tədbirdə çıxış edən akademik Vaqif Abbasov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərinin miqyasının ölçüyəgəlməzliyindən bəhs edib. Bildirib ki, Ümummilli Lider düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxardı. Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu ideyaların təbliğatçısıdır. Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tariximizə Zəfər səhifəsini yazdı. Bu gün bu Zəfərin işığında yeni-yeni hədəflər müəyyənləşdirilir və onlara nail olmaq üçün birgə səylər göstərilir.

Vaqif Abbasov Yeni Azərbaycan Partiyasına xidmətin dövlətə, xalqa xidmət olduğunu önə çəkərək bu fikri xüsusi qeyd edib ki, gənc alimlərimiz partiyaya üzv qəbul olunmaq istəklərini bildirirlər. Bu, onların partiyaya bağlılıqlarından, Heydər Əliyev ideyalarının Azərbaycana qazandırdığı uğurlardan keçirdikləri qürur hissinə söykənir. Gənc alimlərimiz Azərbaycanın dayanıqlı inkişafına öz töhfələrini vermək istəklərini fədkarlıqları ilə təsdiqləyirlər. Bu gün hər bir Azərbaycan vətəndaşı sevinclidir və qürurludur. Çünki hər birimiz qalib Azərbaycanımızla fəxr edirik.

Şəhid atası, Xalq artisti Əli Nur şəxsiyyətlərin tarixdə rolundan bəhs edib. Bildirib ki, hər bir millətin, xalqın öz tarixi şəxsiyyətləri vardır. Azərbaycan xalqı xoşbəxtdir ki, onun dövlətinin, xalqının gələcəyini düşünən, ideyaları ilə Azərbaycanı ən yüksək zirvələrə aparan Heydər Əliyev kimi Ümummilli Lideri vardır. Heydər Əliyev məktəbindən bəhrələnən, onun layiqli davamçısı Prezident İlham Əliyev adını tariximizə qalib Lider kimi yazdı. Bu gün qalib Sərkərdəmiz işğaldan azad edilmiş torpaqlarımıza qalib ölkənin qalib Prezidenti kimi səfər edir, dünyaya öz mesajlarını çatdırır. Qarabağ Azərbaycandır! Bu torpaqlar bizimdir. Azərbaycan xalqı bundan sonra bu torpaqlarda əbədi yaşayacaq.
YAP Xətai rayon təşkilatının təsis konfransının iştirakçısı kimi çıxış edən Kərim Ağayev o illərin çətinliklərindən bəhs edib. Bildirib ki, ötən 29 ildə təşkilat çətin və şərəfli yol keçib və bu gün sıralarında birləşən üzvlərinin hər biri belə bir partiyada təmsil olunmaqdan qürurludur. YAP Xətai rayon təşkilatı partiyanın digər təşkilatlarından fəallığı ilə seçilir, ölkənin ictimai-siyasi həyatında əldə olunan uğurlara öz töhfələrini verir.
Çıxış edən partiya fəalı Məmməd Əliyev də YAP-ın yarandığı çətin dövrlə bağlı fikirlərini bölüşüb.

Fəal gənclər adından çıxış edən Aysel Mayıllı Yeni Azərbaycan Partiyasının sıralarına üzv qəbul olunmaq istəyindən və onu gerçəkləşdirməsindən bəhs edərək bildirib ki, bu gün Azərbaycanın adının qalib ölkə kimi tarixə yazılmasını şərtləndirən əsas amil müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, onun ideyaları və son 18 ildə bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Belə bir partiyada təmsil olunmaq mənim üçün şərəfdir.

Sonda YAP Xətai rayon təşkilatının yarandığı gündən bugünədək onun işində fəal iştirak edən bir qrup üzvə Fəxri fərman təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti