Bakı. Trend:
5 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıya rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir
Ceyhun Bayramov Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq,
qardaşlıq və müttəfiqlik münasibətlərini yüksək qiymətləndirib. Hər
zaman ölkələrimiz arasında münasibətlərin sıx olduğu və dövlət
rəhbərlərinin birbaşa iştirakı ilə bu münasibətlərin bütün
sahələrdə yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.
Nazir Mevlüt Çavuşoğlu cari səfərin ikitərəfli yüksək səviyyədə
inkişaf edən əlaqələr, Şuşa bəyannaməsinin icrası istiqamətində
görülən işlər, habelə çoxtərəfli müstəvilərdə əməkdaşlıq
məsələlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. Nazir,
Xocalı qətliamının 30-cu ildönümündə Şəhidlərin xatirəsini hörmətlə
anıb.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə mövcud olan
vəziyyətdən danışaraq, üçtərəfli bəyanatların icrası və
Azərbaycanın bu xüsusda atdığı addımlar, delimitasiya prosesi, o
cümlədən kommunikasiya və nəqliyyat xəttlərinin açılmasından
bölgənin bütün ölkələrinin faydalanacağını qeyd edib. Nazir işğal
faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin
normallaşdırılması üçün imkanların yarandığını qeyd edib və bunun
üçün ilk növbədə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və
beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət
edilməsinin zəruriliyini vurğulayıb.
Nazirlər, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən
geniş miqyaslı bərpa və yenidən quruculuq işləri barədə ətraflı
fikir mübadiləsi aparıblar. Bu xüsusda, Azərbaycanın işğaldan azad
olunmuş ərazilərində iqtisadiyyatın bərpa edilməsində və quruculuq
işlərinin həyata keçirilməsində qardaş Türkiyənin rolu və fəal
iştirakı yüksək qiymətləndirilib.
Tərəflər iki ölkə arasında iqtisadiyyat, ticarət, kənd təsərrüfatı
və digər sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə
ediblər, habelə iqtisadi sahədə əlaqələrin daha da inkişaf
etdirilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər, həmçinin Ukraynada baş verən hadisələr, ölkədəki vəziyyət
ilə əlaqədar Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsi, bu
xüsusda aparılan əlaqələndirmə işləri barədə fikir mübadiləsi
aparıblar.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın
uğurla davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər
məsələləri müzakirə ediblər.