Bakı. Elçin Mehdiyev – Trend:
İnsan amili hər zaman Azərbaycan dövlət siyasətinin mərkəzində dayanıb, dövlət daim vətəndaşlarının yanında olub. Rusiya-Ukrayna müharibəsi zamanı bu, bir daha sübut olundu. Azərbaycan dövləti bütün hallarda olduğu kimi, bu dəfə də öz vətəndaşlarının, soydaşlarlmızın yanındadır.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, pandemiya dövründə olduğu kimi, burada da dövlət bütün mümkün vasitələrdən istifadə etməklə öz vətəndadlarına sahib çıxır, onları planlı şəkildə təxliyyə edir.
“Bu məsələ birbaşa dövlət başçısı cənab İlham Əliyevin nəzarətindədir. Vətəndaşlarımızın Ukraynadan təhlükəsiz şəkildə təxliyə edilməsi üçün lazımi tədbirlər görülür. Bunun üçün həm Ukraynadan sərhəd ölkələrə qatar və avtobus reysləri, həm də vətəndaşlarımızın ölkəyə gətirilməsi üçün çarter reysləri təşkil olunur.
7 mart 2022-ci il tarixinədək Azərbaycana 3138 nəfər təxliyə olunub. Onların sırasında çarter reysləri vasitəsilə 1908 nəfər, quru yolu ilə təxliyə olunanlar isə 1263 nəfər təşkil edir.
Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 10 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib”, - deyə deputat bildirib.
A.Həsənova vurğulayıb ki, Azərbaycan heç zaman öz vətəndaşlarınə darda qoymur, hər zaman onların yannda olur, çətin vəziyyətlərdə vətəndaşlarının problemlərini həll etmək üçün bütüm mümkün vasitələrdən istifadə edir.
“Biz bunu hər zaman müşahidə etmişik. İstər pandemiya dönəmində, istər ayrı-ayrı təbii fəlakətlər və digər hadisələr zamanı dövlətimiz vətəndaşlara lazımi dəstək göstərib və bundan sonra da göstərməkdə davam edəcək. 2003-cü ildə ilk dəfə ölkə Prezidenti seçilərkən – “Mən hər bir azərbaycanlının Prezidenti olacağam,” – söyləyən cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə hər zaman bu sözünə sadiq qalıb, heç zaman vətəndaşlarımızı darda qoymayıb”, - deyə deputat əlavə edib.