Bakı. Trend:
Yaponiyanın baş naziri Fumio Kişida Hindistana gözlənilən səfəri zamanı Ukrayna ətrafındakı vəziyyəti, həmçinin ABŞ və Avstraliya ilə dördtərəfli əməkdaşlığı müzakirə etmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə baş nazir jurnalistlərə deyib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı hərbi xüsusi əməliyyatı dünya düzəninin dəyişməsinə səbəb olub:
"Hind-Sakit okean regionunda status-kvonun belə birtərəfli dəyişməsinə heç vaxt yol verilməməlidir. Səfər zamanı biz fikir mübadiləsi aparacağıq və Ukraynadakı vəziyyətlə bağlı məsələlər üzərində işləyəcəyik".
F.Kişidanın sözlərinə görə, Hindistanın baş naziri Narendra Modi ilə birlikdə Dördtərəfli Təhlükəsizlik Dialoqu çərçivəsində əməkdaşlıq və yaxın aylarda Tokioda "Dördlük" ölkə (Yaponiya, ABŞ, Hindistan, Avstraliya) başçıları sammitinin təşkili məsələlərini də müzakirə edəcəklər.