...

Ata vəsiyyəti: Qarabağ münaqişəsinin həlli Ümummilli Lider Heydər Əliyev siyasətinin prioritet məsələsi kimi

Siyasət Materials 11 May 2022 12:31 (UTC +04:00)
Ata vəsiyyəti: Qarabağ münaqişəsinin həlli Ümummilli Lider Heydər Əliyev siyasətinin prioritet məsələsi kimi

Bakı. Trend:

Politoloq Ceyhun Osmanlının Heydər Əliyevin 99-cu ildönümünə həsr edilən məqaləsi İspandilli ölkələrin nüfuzlu xəbər portallarında və televiziya kanallarında yayımlanmışdır.

Məqalənin tərcüməsini Sizə təqdim edirik:

Azərbaycan Ordusunun gücünü təcəssüm etdirən və Azərbaycanın qəti qələbəsi ilə başa çatmış Azərbaycan və Ermənistan arasındakı “44 günlük müharibə” və ya “Vətən müharibəsi”, Müzəffər Ali Baş Komandan-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı altında həyata keçirilən Azərbaycan Ordusunun əks-hücum əməliyyatı idi. 27 sentyabr 2020-ci il tarixində Ermənistanın Azərbaycana qarşı təcavüzünə cavab olaraq başlayan müharibə 44 gün davam etmişdir. Müharibə nəticəsində 1990-cı illərin əvvəllərində baş vermiş Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin uzunmüddətli işğalına son qoyulmuşdur. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi ilə Azərbaycan müharibədə qəti qələbə qazanmışdır və bundan dərhal sonra Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanat imzalanmışdır. 1 dekabr 2020-ci il tarixi etibarilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir.

Erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün bərpası Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu və siyasətinin əsas prioritetlərindən biri idi. Ömrünü Azərbaycanın müstəqilliyinə və dövlət quruculuğuna həsr edən Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdəki uzunmüddətli fəaliyyətinin əsas məqsədini Azərbaycanın ərazi bütövlüyünün bərpası təşkil edirdi. Ulu Öndər bu xüsusda həmişə vurğulayırdı ki, “Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal altında olan torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdən ibarətdir”. Belə ki, Ümummilli Lider müxtəlif vaxtlarda öz çıxışlarında “Şuşasız Qarabağ olmaz, Qarabağsız Azərbaycan ümumiyyətlə yoxdur”- demişdir. Odur ki, Ulu Öndər, bu müqəddəs vəzifəni “44 günlük müharibə” nəticəsində Azərbaycan torpaqlarını erməni işğalından azad etməklə ata vəsiyyətini həyata keçirməyə nail olan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə vəsiyyət etmişdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 8 noyabr 2020-ci il tarixində Şuşa şəhəri işğaldan azad edildikdən sonra Şəhidlər Xiyabanında xalqa müraciəti zamanı bildirmişdir ki, “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”

Heydər Əliyev, Qarabağ regionunun Ermənistana birləşdirmək cəhdi ilə bağlı Ermənistan tərəfinin Azərbaycana qarşı məkrli və ədalətsiz siyasəti ilə hələ 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi işlədiyi zaman və daha sonra 1982-1987-ci illər ərzində Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvü olduğu müddətdə barışmamışdır. 1923-cü ildə Qarabağ muxtar vilayət statusu aldıqdan sonra, Ermənistan, tarixi Azərbaycan torpağı olan bu regionu Ermənistana birləşdirmək üçün dəfələrlə cəhd etmişdir. Stalinin ölümündən sonra Xruşşovun həyata keçirdiyi “ərimə” siyasətindən sonra yaranan siyasi mühit nəticəsində Qarabağ məsələsi 1960 və 1970-ci illərdə yeni mərhələyə qədəm qoymuş və bundan ilhamlanan Ermənistan Qarabağ regionunun Ermənistana birləşməsi üçün dəfələrlə Mərkəzə müraciət etmişdir. Lakin Heydər Əliyev Azərbaycanda və daha sonra Moskvada vəzifədə olduğu müddətdə, Azərbaycan regionu ətrafında gedən siyasi proseslərə müdaxilə edərək Ermənistanın birləşdirmə cəhdlərinin qarşısını almağa nail olmuşdur. Bu məsələ ilə bağlı 23 fevral 2001-ci il tarixində Milli Məclisdə çıxışı zamanı Ümummilli Lider vurğulamışdır: “...Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün biz o vaxt, yenə də deyirəm, regiona daha çox diqqət yetirirdik. Mən bu gün də etiraf edirəm ki, bunu ermənilərə bu məsələni qaldırmağa imkan verməmək üçün edirdim.”

Lakin, Mixail Qorbaçov 1987-ci ildə Heydər Əliyevin səhhəti ilə əlaqədar olaraq rəsmi şəkildə Sovet rəhbərliyində tutduğu ən yüksək vəzifədən azad edir. Heydər Əliyevin tutduğu vəzifədən uzaqlaşdırılması, ermənilərə Qarabağın Ermənistana birləşdirilməsi və ya təcavüzkar seperatizm siyasəti nəticəsində Azərbaycanın tarixi ərazilərində ikinci Ermənistan respublikası yaratmaları üçün yeni imkan vermişdir. Nəticə etibarilə, ermənilərin məsələ ilə bağlı iddiaları sistematik xarakter alaraq, 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan və Ermənistan arasında tammiqyaslı müharibəyə çevrilmiş və Azərbaycanın 20% ərazisinin Ermənistan tərəfindən işğal olunması ilə nəticələnmişdir.

Buna görə də, bu gün Azərbaycan cəmiyyətində belə güclü inanc var ki, əgər Ümummilli Lider Heydər Əliyev Sovet İttifaqının dağılmasından öncə tutduğu vəzifəsindən uzaqlaşdırılmasaydı və Azərbaycan müstəqillik əldə etdiyi zaman ölkə rəhbəri olsaydı məsələ ilə bağlı vəziyyət tamamilə fərqli olar və Ermənistanın Azərbaycana qarşı müharibəyə başlamaq və ərazilərimizi zəbt etmək üçün heç bir şansı və cəsarəti olmazdı. Bu səbəbdən, 1993-cü ilin yay aylarında Azərbaycanda vəziyyətin qeyri-stabil olduğu zaman xalq Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gətirilməsini tələb edirdi. Nəticədə, həmin dövrdə hakimiyyətdə olan Azərbaycan rəhbərliyi vəziyyətin sabitləşdirilməsi üçün Heydər Əliyevi Bakıya dəvət etdi. Bununla da, 15 iyun 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş və həmin ay Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlamışdır. Daha sonra 1993-cü ilin oktyabr ayında Heydər Əliyev ümumxalq səsverməsi əsasında Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Prezident vəzifəsinə seçildikdən sonra Ümummilli Lider Azərbaycan və Ermənistan arasında münaqişənin beynəlxalq və regional təşkilatlar vasitəsilə həlli prosesində mühüm rol oynamışdır. Ulu Öndərin səyləri nəticəsində mövzu XX əsrin son onilliyində beynəlxalq təşkilatlar tərəfindən ən çox müzakirə olunan məsələlərdən birinə çevrilmişdir. Dövlət başçısı olduğu müddət ərzində, Heydər Əliyev, çoxtərəfli və birtərəfli formatda olan bütün sülh təşəbbüslərini müsbət qarşılamışdır. Onun münaqişənin həlli ilə bağlı əsas mövqeyi ərazi bütövlüyünün bərpası idi. Bu baxımdan, Ümummilli Lider müxtəlif tribunalardan çıxışları zamanı hər dəfə qeyd etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü heç bir halda güzəşt mövzusu olmayacaqdır.

Müdrik siyasətçi kimi, Heydər Əliyev münaqişə ilə bağlı faktiki vəziyyətdən məlumatlı idi. Bütün bunları nəzərə alaraq, Ümummilli Lider siyasətini bu istiqamətdə formalaşdırmış və Ermənistanı dəstəkləyən dövlətlərin mövqelərinin neytrallaşdırılması, daha öncə bitərəf olan dövlətlərdən dəstək alınması, Azərbaycanın tutduğu mövqeyə yaxın olan dövlətlər və beynəlxalq təşkilatlar ilə əməkdaşlıqların möhkəmləndirilməsi və çoxvektorlu diplomatiya vasitəsilə Ermənistana təzyiq göstərilməsinə yönəlmiş çoxşaxəli strategiyanın icrasına başlamışdır.

Heydər Əliyev hakimiyyətə gəldiyi ilk dövrlərdə regional dövlətlər arasında balanslaşdırılmış xarici siyasət yürütmək və Birləşmiş Ştatlar və Avropa İttifaqı (Aİ) ölkələri ilə ikitərəfli əlaqələr qurmağa çalışmışdır. Rusiyanın münaqişə ilə bağlı mövqeyini neytrallaşdırmaq məqsədi ilə, Heydər Əliyev ilk rəsmi səfərini Rusiyaya etmiş və Azərbaycan Rusiyanın rəhbərlik etdiyi MDB regional təşkilatına üzv olaraq qoşulmuşdur. Cənubi Qafqazda ciddi geopolitik maraqları olan dünyanın ən böyük dövlətlərindən biri olan Rusiya ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi nəticəsində, Heydər Əliyev 1994-cü ildə Bişkek şəhərində Ermənistan ilə atəşkəsin təmin olunması ilə bağlı müqavilənin imzalanmasına nail olmuşdur.

Heydər Əliyev Ermənistan və Azərbaycan arasında münaqişənin həll olunmasında Amerika Birləşmiş Ştatları (ABŞ) ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin vacib olduğunu anlayırdı. Qeyd etmək lazımdır ki, ABŞ 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında olmuşdur. Lakin ABŞ-da güclü erməni diasporasının mövcud olması nəticəsində o vaxtdan Azərbaycan ilə ABŞ arasında qarşılıqlı maraqlara əsaslanan güclü ikitərəfli əlaqələr yaratmaq mümkün olmamışdır. Bundan əlavə erməni lobbisinin birbaşa təsiri nəticəsində 1992-ci ildə ABŞ tərəfindən “Azadlığa Dəstək” Aktına edilən 907-ci düzəliş Azərbaycan hökumətinə hər hansı birbaşa yardımı qadağan edirdi. Bu isə öz növbəsində iki ölkə arasında əlaqələrə öz mənfi təsirini göstərirdi. Bu səbəbdən, Heydər Əliyev ABŞ-ın ölkəyə marağını cəlb etmək məqsədilə mövcud yanaşmaları dəyişmək üçün uğurlu enerji siyasətindən istifadə etmişdir. İki ölkə arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etməsi nəticəsində, ABŞ şirkətləri 20 sentyabr 1994-cü il tarixində imzalanan “Əsrin Müqaviləsi”-nə əsasən Azərbaycan neftinin istehsal payının 40%-nə sahib olmaq hüququ əldə etmişdir.

Azərbaycan və Ermənistan arasında münaqişəli vəziyyət regional sülh, sabitlik və Azərbaycanın enerji resurslarını Qərb bazarlarına çıxartmaq üçün nəzərdə tutulmuş enerji layihələri üçün təhlükə yaradan amil idi. Buna görə də, ABŞ Azərbaycan və Ermənistan arasında vasitəçilik prosesinə aktiv cəlb olunmuş, nəticə etibarilə, 1997-ci ildə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən birinə çevrilmişdi. Əlavə olaraq, Azərbaycanın anti-terror koalisiyasına qoşulması sayəsində, ABŞ prezidenti Corc Buşun qərarı əsasında 907-ci düzəlişin icrası 2002-ci ildə asqıya alınmışdı. Şübhəsiz, 907-ci düzəlişin ləğvi Ümummilli Lider Heydər Əliyevin ABŞ ilə bağlı yürütdüyü uğurlu xarici siyasətin zirvəsi idi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, Avro-Atlantik regionda sıx əməkdaşlığa nail olmaq üçün yollar axtarışında idi. Azərbaycan ATƏT və Avropa Şurasının tam hüquqlu üzvünə çevrilmiş, eləcə də Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Avropa İttifaqı (Aİ) ilə müxtəlif proqramlar çərçivəsində əməkdaşlığa başlamışdır.

Beləliklə, Heydər Əliyevin ölkə rəhbəri olduğu dövrdə Azərbaycan Respublikasının çoxvektorlu xarici siyasətinin bir istiqaməti də NATO ilə əməkdaşlıq olmuşdur. Azərbaycan və NATO arasında əsaslı əməkdaşlığın təsis olunmasında əlamətdar sənəd 4 may 1994-cü il tarixində Prezident Heydər Əliyev tərəfindən imzalanmış Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədi olmuşdur. NATO ilə siyasi dialoqa bir sıra məsələlər, o cümlədən, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, NATO tərəfindən Əfqanıstan və İraqda aparılan sülhməramlı əməliyyatlar, yaranan təhlükəsizlik məsələləri, eləcə də, elm, ətraf mühit və dövlət diplomatiyası daxil idi.

Azərbaycan və Aİ arasında əlaqələr 1996-cı il Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır ki, bu saziş hərbi sahə istisna olmaqla, bütün sahələrdə rəsmi əməkdaşlıq üçün qanuni əsas rolunu oynayır və əməkdaşlığın formatını müəyyən edirdi. Azərbaycan və Aİ arasında əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatı Azərbaycana birgə maraq sahələrində fikir mübadiləsi aparmaq, regional siyasət məsələlərində milli maraqlarını müdafiə etmək və müxtəlif təşəbbüslər irəli sürmək imkanı verir. Aİ-nin keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllinə birbaşa cəlb olunmamasına baxmayaraq, təşkilat hər zaman Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığını dəstəkləmiş və dövlət müstəqilliyi və suverenliyinə ehtiramını ifadə etmişdir. Bu gün, Aİ-nin keçmiş münaqişənin normallaşmasında rolunu yüksək qiymətləndirən, eləcə də, Aİ ilə İkinci Qarabağ müharibəsindən sonra yeni reallıqları təcəssüm etdirən yeni müqavilə üzrə işləri tamamlamaq astanasında olan Azərbaycan, Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə təsis olunmuş uğurlu hərtərəfli əməkdaşlığı mütləq davam etdirəcək.

Heydər Əliyev eyni zamanda ATƏT-in vasitəçilik rolunu tanımış və təşkilatı münaqişədə Azərbaycanın mövqeyinin müdafiəsi üçün platforma kimi qəbul etmişdir. Xüsusi olaraq, ATƏT-in 1996-cı il Lissabon zirvə görüşü Heydər Əliyevin münaqişə ilə əlaqədar diplomatiyasında həlledici rol oynamışdır. Ermənistan tərəfinin etirazı nəticəsində Azərbaycanın münaqişənin həlli üçün təklif etdiyi prinsiplərin yekun sənədə daxil edilməməsinə baxmayaraq, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması bir çox iştirakçı dövlətlər tərəfindən qəbul edilmişdir.

Daha sonra ATƏT-in Minsk qrupu tərəfindən irəli sürülən “Paket həll” variantı, “Mərhələli həll” variantı və “Ümumi dövlət” variantı kimi sülh layihələrindən ilk ikisi Heydər Əliyev tərəfindən məqbul hesab edilmiş, Azərbaycanın milli maraqlarına zidd olan “Ümumi dövlət” variantı təklifi isə rədd edilmişdir. 1999 və 2001-ci illərdə Heydər Əliyev və Robert Koçaryan arasında ikitərəfli görüşlər Vaşinqton, Paris və Ki-Vestdə təşkil edilmişdir. Çox təəssüf ki, Ermənistanın məsələ ilə bağlı destruktiv siyasəti nəticəsində həmin görüşlər münaqişənin həllinə heç bir töhfə verməmişdir.

Bütövlükdə, Ümummilli Lider Heydər Əliyev prezidentliyi dövründə beynəlxalq ictimaiyyətə Azərbaycanın mövqeyini anlatmağa nail olmuş, müharibə ilə bağlı həqiqi arqumentlər irəli sürmüş, ölkələr arasında qırğınları dayandırmaq üçün atəşkəs razılaşmasına nail olmuş, beynəlxalq təşkilatları Azərbaycan və Ermənistan arasındakı Qarabağ məsələsini öz gündəmlərində aparılan müzakirələrə daxil etməyə inandırmış, və münaqişənin həlli üçün bir sıra çoxtərəfli və birtərəfli təşəbbüslərdə iştirak etmişdir ki, bu da Azərbaycanın mövqeyini gücləndirmiş və sonradan münaqişənin həlli üçün hüquqi baza yaratmışdır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısıdır. Bu il anadan olmasının 99-cu ildönümü qeyd edilən Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu nəhayət ki, gerçəkləşmiş, Azərbaycan Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı ilə beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini bərpa etmişdir.

Heydər Əliyevin müdrik siyasi irsi günümüzdəki müasir Azərbaycanda yaşayır və uğur qazanır.

Dominikan Respublikası:

https://redsocialcodi.com/la-voluntad-del-padre-la-resolucion-del-conflicto-del-karabaj-como-prioridad-politica-del-lider-nacional-heydar-aliyev/

Meksika Birləşmiş Ştatları:

https://www.ecmcnoticias.com/2022/05/la-voluntad-del-padre-la-resolucion-del.html?m=1

https://www.mipuntodevista.com.mx/la-voluntad-del-padre-la-resolucion-del-conflicto-del-karabaj-como-prioridad-politica-del-lider-nacional-heydar-aliyev/

https://www.clubjuridico.com/la-voluntad-del-padre-la-resolucion-del-conflicto-del-karabaj-como-prioridad-politica-del-lider-nacional-heydar-aliyev/

https://expresionmexico.com/2022/05/09/la-voluntad-del-padre-la-resolucion-del-conflicto-del-karabaj-como-prioridad-politica-del-lider-nacional-heydar-aliyev/

Kolumbiya Respublikası:

https://www.clarindecolombia.info/index.php/noticia/66-destacadas/2627-la-voluntad-del-padre-la-resolucion-del-conflicto-del-karabaj-como-prioridad-politica-del-lider-nacional-heydar-aliyev

Çili Respublikası:

https://nuestropais.cl/2022/05/09/la-voluntad-del-padre-la-resolucion-del-conflicto-del-karabaj-como-prioridad-politica-del-lider-nacional-heydar-aliyev%ef%bf%bc/

Honduras Respublikası:

http://www.eldiariodehonduras.hn/index.php/internacionales/3560-la-voluntad-del-padre-la-resolucion-del-conflicto-del-karabaj-como-prioridad-politica-del-lider-nacional-heydar-aliyev

https://ellibertador.hn/2022/05/10/azerbaiyan-celebra-la-reconstruccion-de-su-estado-e-independencia/

Panama Respublikası:

https://www.laverdadpa.com/la-voluntad-del-padre-la-resolucion-del-conflicto-del-karabaj-como-prioridad-politica-del-lider-nacional-heydar-aliyev/

Nikaraqua Respublikası:

TN 8 Dövlət Televiziyası

https://youtu.be/IT3RA2uXgXg

CDNN (KANAL23)

https://youtu.be/lmRuyQdMXc8

Dr. Ceyhun Osmanlı 4-cü çağırış Milli Məclisin deputatı, politoloq, Təşəbbüslər və Layihələr Mərkəzinin (TLM) direktorudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti