Bakı. Trend:
Ölkəmizin hər yerində olduğu kimi Abşeron rayonunda fəaliyyət göstərən tam orta məktəblərdə də “Son zəng” tədbirləri keçirilib.
Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə düzənlənən “Son zəng” tədbirində Abşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları, şəhid ailələri, qazilər, o cümlədən valideynlər iştirak ediblər.
Dövlət Himni oxunduqdan sonra ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev məzunları və pedaqoji kollektivi Qurtuluş Günü və “Son zəng” münasibəti ilə təbrik edərək bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də böyük inkişaf əldə olunub. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Abşeron rayonu da daxil olmaqla respublika ərazisində yüzlərlə orta məktəb tikilib, mövcud binalar isə əsaslı şəkildə təmir olunub, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib, tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatlar aparılıb.
Məzunlarımızın dövlət səviyyəsində onlara göstərilən diqqətə, qayğıya, müasir tələblərə cavab verən təhsil şəraitinə ali məktəblərə uğurlu imtahan verməklə, əsl vətəndaş kimi yetişməklə cavab verəcəklərinə əminliyini ifadə edən RİH başçısı xalqımızın Vətən Müharibəsində qazandığı zəfərdən danışıb, qələbə üçün döyüşən igid övladlarımızın müstəqil Azərbaycanın orta məktəblərində formalaşdığını, təlim-tərbiyə olunduğunu, milli vətənpərvər ruhunda yetişdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
A.Fərzəliyev tarixi qələbədə payı olan qəhrəman oğullarımızla bu
gün hər birimizin fəxr etdiyini bildirərək qeyd edib ki, Azərbaycan
xalqı şəhidlərimizi daim qəlblərdə yaşadacaq, igidlərimizin
göstərdiyi qəhrəmanlıqlar hər zaman xatırlanacaq, yaddaşlara əbədi
həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman onlardan ibrət
götürəcək.
Tədbirdə çıxış edən şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova,
müəllimlər, məzunlar və qazilər onlara göstərilən diqqət və qayğıya
görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz
minnətdarlıqlarını bildiriblər.
Mərasimdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyaları təqdim ediblər.
Sonda məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri on bir illik məktəb həyatının sonuncu zəngi "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülmüş şəhid Kamran Quluzadənin oğlu Ümid Quluzadə tərəfindən çalınıb.