Bakı. Trend:
Rusiya və Azərbaycan informasiya təhlükəsizliyi sahəsində saziş imzalayıb.
Trend-in məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı deyib.
"Bu gün bizim informasiya təhlükəsizliyi sahəsində imzaladığımız saziş təkcə KİV-in fəaliyyətini deyil, həm də kiberməkanı hərbi məqsədlərlə istifadə etmək cəhdləri ilə bağlı problemləri də əhatə edir. Bu məsələlər artıq uzun müddətdir ki, BMT-də müzakirə olunur. Rusiya bu müzakirələrin təşəbbüsçüsü olub. KİV-ə gəldikdə isə biz başa düşürük ki, bu və ya digər qərar hansı səbəblərdən qəbul olunur. Biz, ilk növbədə, aparıcı KİV rəhbərləri ilə tədbirlər silsiləsi keçirəcək və müvafiq qanunlara əsaslanaraq bir-birimizin ərazilərində bu və ya digər hadisələri necə işıqlandırdığımız barədə müzakirələr aparacağıq. Razılıq əldə olunub ki, bu cür iş XİN informasiya xidmətlərinin himayəsi altında aparılsın", - deyə S.Lavrov bildirib.
Ceyhun Bayramov öz növbəsində deyib ki, müvafiq strukturlar arasında qarşılıqlı fəaliyyət yüksək səviyyədədir.
"Sirr deyil ki, son aylarda bir sıra problemli məsələlər olub. Azərbaycanın bir neçə media resursu Rusiyada bağlanıb, bu ayın əvvəlində "RİA Novosti" dövlət informasiya agentliyi Azərbaycanda bloklanıb", - nazir deyib.
O əlavə edib ki, əsas vurğu tərəflərin bu cür halların qarşısını almağa stimullaşdıracaq mexanizmlərin hazırlamasına yönəlib.
(Tərcümə: Orxan Nəbiyev)