...

Regionda yaranmış yeni strateji format heç bir “status” məsələsini nəzərdə tutmur - Nizami Səfərov

Siyasət Materials 15 Avqust 2022 11:40 (UTC +04:00)
Regionda yaranmış yeni strateji format heç bir “status” məsələsini nəzərdə tutmur - Nizami Səfərov

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bir çox önəmli məsələlərə diqqət yetirilmişdir. Dövlət Başçısı xüsusi olaraq vurğulamışdır ki, ermənilərin zaman-zaman qaldırdıqları status məsələsindən bu günki danışıqlar prosesində ümumiyyətlə söhbət getmir.

Bu qətiyyətli mövqe bir daha Azərbaycanın qalib dövlət, Ermənistanın isə kapitulyasiya etmiş tərəf olmasının ən ciddi təsdiqidir. Nəzərə almaq lazımdır ki, 44-günlük Vətən Müharibəsindən sonra regionda tamamilə yeni reallıqlar formalaşmışdır.

Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərini otuz ilə yaxın bir müddətdə işğal altında saxlamış, xalqımıza qarşı soyqırımı, müharibə cinayətləri, insanlıq əlehinə cinayətlər, mədəni irsimizə qarşı çoxsaylı vandallıq aktları törədənlərlə, ölkəmizin ekoloji sisteminə ağır ziyan vuranlarla hansısa “status” məsələsinin müzakirəsi heç zaman baş tuta bilməz. Hərbi-siyasi meydanda total şəkildə fiaskoya uğrayan, darmadağın edilən tərəf başa düşməlidir ki, Qarabağda yaşayan ermənilərin gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Cənubi Qafqazın formalaşmaqda olan yeni siyasi və iqtisadi dizaynı çərçıvəsində bu ən əlverişli variantdır. Azərbaycan öz mürəkkəb etnik tərkibi, multikulturalizminə görə unikal bir ölkədir. Burada yüzdən çox etnosun nümayəndələri əminamanlıq və mehriban qonşuluq şəraitində yaşayırlar və bu nöqteyi-nəzərdən etnik rəngarəngliyinə görə Azərbaycan bənzərsiz mənzərəni nümayiş etdirir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən və başqa hallardan asılı olmayaraq bərabərdir. Azərbaycan Respublikasının Prezidenti bir daha açıq formada bəyan etmişdir ki, “Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək”.

Xüsusi önəm daşıyan məqam həmçinin ondan ibarətdir ki, Qarabağ Azərbaycan ərazisinin tarixi, siyasi, iqtisadi, beynəlxalq-hüquqi nöqteyi-nəzərdən ayrılmaz tərkib hissəsidir və Ölkə Başçısının hər zaman bütün səviyyələrdə ifadə etdiyi prinsipial yanaşma ondan ibarət olmuşdur ki, Azərbaycanın ərazi bütövlüyü sarsılmazdır və heç bir müzakirə predmeti ola bilməz.

Nizami Səfərov
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü,hüquq elmləri doktoru

Xəbər lenti

Xəbər lenti