Bakı. Trend:
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.
Daxili İşlər Nazirliyi bu Fərmanda nəzərdə tutulan informasiya sisteminin formalaşdırılması, aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir.
Bu Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”yə əlavə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin fəaliyyətində iştirak edən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda qeyd olunan dövlət orqanları (qurumları) həmin Əsasnamənin 7-ci hissəsində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə altı ay müddətində zəruri tədbirlər görsünlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidirlər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin “Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görməli, Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi”nin təhlükəsizliyinin təmin edilməsi üçün birgə zəruri tədbirlər görməlidir.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.