...

Prezident İlham Əliyev Vyetnamın dövlət başçısını təbrik edib

Siyasət Materials 23 Sentyabr 2022 18:34 (UTC +04:00)
Prezident İlham Əliyev Vyetnamın dövlət başçısını təbrik edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fuka təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Sentyabrın 23-də Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Bu əlamətdar tarix münasibətilə Sizi və dost xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin əsası hələ ötən əsrdə xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Ho Şi Min tərəfindən qoyulmuşdur. Məmnunluqla qeyd etmək istərdim ki, bu əlaqələr uğurla davam etdirilərək son otuz ildə yüksələn xətt üzrə inkişaf etmiş və hazırkı səviyyəyə çatmışdır.

Biz Azərbaycan-Vyetnam münasibətlərinə böyük əhəmiyyət veririk. Sağlam təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, siyasi, ticari, iqtisadi, mədəni və digər sahələrdə səmərəli əməkdaşlığımız bizi sevindirir.

Eyni zamanda, beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Vyetnamın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq.

Bu gün iqtisadi-ticari, enerji, nəqliyyat, kənd təsərrüfatı, sərmayə qoyuluşu və digər sahələrdə tərəfdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Vyetnam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti