...

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi Ulu öndərin xalq qarşısında misilsiz xidmətlərinə verilən yüksək dəyərdir - Afət Həsənova

Siyasət Materials 1 Oktyabr 2022 14:16 (UTC +04:00)
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi Ulu öndərin xalq qarşısında misilsiz xidmətlərinə verilən yüksək dəyərdir - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi Ulu öndərin Azərbaycanın ən yeni tarixinin 35 ilə yaxın dövründə Azərbaycan xalqı, dövlətçiliyimiz, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda yorulmaz fəaliyyətinə və misilsiz xidmətlərinə verilən yüksək dəyərdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, müasir Azərbaycanın yeni inkişaf tarixinin müəllifi Ulu Öndər Heyər Əliyevdir.

“Məhz Ümummilli liderimizin düşünülmüş və uzaqgörən siyasəti sayəsində xalqımız dövlət müstəqilliyini qoruyub saxlaya bilib və davamlı inkişaf yoluna qədəm qoyub. 1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı uzun illər həsrətində olduğu müstəqilliyini qanı bahasına yenidən bərpa etdi. Bu, ölkəmizin və xalqımızın həyatında dönüş nöqtəsi, yeni bir tarixi mərhələ idi. Lakin təəssüflər olsun ki, bu tarixi hadisə heç də istədiyimiz nəticəni vermirdi. O zamankı hakimiyyətini səriştəsizliyi nəticəsidə ölkəmiz yenidən öz müstəqilliyini itirmək astanasında idi”, - deyə deputat vurğulayıb.

A.Həsənova qeyd edib ki, 1993-cü ilin yayında ölkədə vəziyyət son dərəcə ağırlaşdı, hakimiyyət strukturlarına, o cümlədən, silahlı birləşmələrə nəzarəti itirən o zamankı iqtidar 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu.

“Artıq ölkədə silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Ölkəmiz vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Bir tərəfdən isə Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın bir hissəsini işğal etməsi vəziyyəti daha da çətinləşdirirdi.

Belə bir vəziyyətdə xalqımız vəziyyətdən yeganə çıxış yolunu ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü”, - deyə deputat bildirib.

A.Həsənova deyib ki, Vətəninə böyük sevgi bəsləyən Ulu öndər xalqın, dövlətin bu çətin günündə xalqın səsinə səs verdi, bu çətin işin ağır məsuliyyətini öz çiyinlərinə götürdü.

“Vətənin bu ağır günündə xalqın tələbi ilə Bakıya qayıdan ümummilli liderin böyük səyləri nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, vətəndaş müharibəsinin qarşısı alındı, siyasi sabitlik təmin edildi, erməni təcavüzünün qarşısı alındı, ölkəmiz qısa zaman ərzində böhrandan çıxaraq inkişaf yoluna qədəm qoydu.

Bu gün Azərbaycan əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan möhkəm təməllər üzərində inkişaf edir. Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfinədn dövrün tələblərinə uyğun zənginləşdirməklə uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan güclü, müasir, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib”,- deyə deputat bildirib.

Deputat bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi ulu öndər Heydər Əliyevin siyasətində ən başlıca hədəf idi.

“Heydər Əliyev hər zaman torpaqlarımızın işğaldan azad ediləcəyinə böyük inam bəsləyirdi və bu yolda var gücü ilə çalışırdı. Məhz bunun üçün ümummilli liderimiz dəqiq məqsədlər müəyyən etmişdi. Ulu öndər dəqiq bilirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün ilk növbədə Azərbaycanın güclü iqtisadiyyatı və ordusu olmalıdır. Bu baxımdan, Heydər Əliyev ordu quruculuğuna böyük diqqət yetirirdi. Ulu öndərin tutduğu yol Azərbaycana böyük uğurlar qazandırdı.

Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək tarixi zəfərlərə imza atdı. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu. Bu gün Şuşada qürurla dalğalanan milli bayrağımız bu uğurlu strategiyanın məntiqi nəticəsidir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti