...

Rusiya XİN Aİ missiyasının Ermənistanda yerləşdirilməsi qərarını şərh edib

Siyasət Materials 11 Oktyabr 2022 19:38 (UTC +04:00)
Rusiya XİN Aİ missiyasının Ermənistanda yerləşdirilməsi qərarını şərh edib

Bakı. Trend:

Aİ və Fransanın birgə missiyasının Ermənistan ərazisində yerləşdirilməsi qərarı Aİ-nin Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasına növbəti müdaxilə cəhdidir.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

"Aİ hələ ki, bu məsələ ilə bağlı rəsmi qərar qəbul etməyib. Biz bunu Aİ-nin Azərbaycan və Ermənistan arasındakı münasibətlərin nizamlanmasına hər hansı formada müdaxilə etmək, ölkəmizin vasitəçilik səylərinə təzyiq göstərmək cəhdi kimi qiymətləndiririk", - o deyib.

Zaxarovanın sözlərinə görə, Bakı ilə İrəvan arasında barışıq əldə etməyin, regionda davamlı sülhün və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsidir.

"Biz bu məsələ ilə bağlı azərbaycanlı və erməni həmkarlarımızla mütəmadi əlaqələr saxlayırıq. Biz Astanada MDB Xarici İşlər Nazirləri Şurası çərçivəsində keçiriləcək tədbirdən yararlanmağı gözləyirik", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti