...

Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının görüşü keçirilib (FOTO)

Siyasət Materials 13 Dekabr 2022 16:53 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

13 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Avaza şəhərində keçirilən Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın xarici işlər nazirlərinin iclasında iştirak edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda 14 dekabr 2022-ci ildə baş tutacaq Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın Dövlət Başçılarının Birinci Zirvə Görüşündə müxtəlif sahələr üzrə, o cümlədən energetika, ticarət, gömrük, nəqliyyat, təhsil və mədəniyyət sahələri üzrə qəbul olunacaq sənədlər, həmçinin Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov, 14 dekabr 2022-ci ildə keçiriləcək Azərbaycan-Türkiyə-Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün ölkələrimiz arasında üçtərəfli dialoqun inkişafında mühüm rol oynayacağını bildirib. Üç dövlət arasında beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin inkişafı məmnunluqla qeyd edilib.

Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatının bölgənin nəqliyyat və tranzit potensialından tam istifadə olunmasına, eyni zamanda Şərq-Qərb Trans-Xəzər nəqliyyat dəhlizinin gücləndirilməsinə töhfə verəcəyinə dair inam ifadə edilib. Bu xüsusda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.

Dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyi amilinin aktuallığının artmasının ölkələrimiz arasında bu sahədə səylərin gücləndirilməsinin vacibliyinə dəlalət etdiyi bildirilib.

Nazir Ceyhun Bayramov, həmçinin Azərbaycan tərəfindən 30 illik işğalın nəticələrinin aradan qaldırılması, habelə öz yurdlarından didərgin düşmüş vətəndaşlarımızın təhlükəsiz geri qayıdışının təmin edilməsi istiqamətində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verib. Bu xüsusda, mina təhlükəsinin regionda aparılan bərpa və quruculuq işlərinə, o cümlədən sülh gündəliyinin irəli aparılmasına ciddi əngəl törətdiyi bildirilib.

Daha sonra, digər ölkələrin xarici işlər nazirləri çıxış edərək üçtərəfli tərəfdaşlığın perspektivləri barədə danışıblar.

Xarici işlər nazirinin çıxışının tam mətni ilə bu keçiddən tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti