Bakı. Trend:
Azərbaycan öz əzəli torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra regionda yeni reallıqlar yaranıb.
Bunu Trend BİA-nın baş redaktor müavini Ləman Zeynalova AzTv-nin “Əsas məsələ” verilişində Prezident İlham Əliyevin Rumıniya səfəri və səfər çərçivəsində imzalanmış müqavilələri şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin Azərbaycanla bağlı apardığı qarayaxma kampaniyaları heç bir nəticə vermir, çünki Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib.
"Azərbaycan enerji böhranı yaşayan Avropaya qaz tədarük etməklə onların enerji təhlükəsizliyinə mühüm töhfə verməkdədir. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanması ilə Azərbaycan alternativ enerji sahəsində Avropa bazarına daxil oldu. Bu sazişi əslində "yaşıl dəhliz"in təməl daşı hesab etmək olar", - deyə L.Zeynalova vurğulayıb.
Rumıniya-Azərbaycan münasibətlərinə də toxunan L.Zeynalova qeyd edib ki, Rumıniyanın qaz istifadəsi 11 milyard kubmetrdir.
"Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, mühüm məsələlərdən biri də Rumıniya-Azərbaycan arasında qazın ötürülməsi ilə bağlı müqavilənin imzalanmasıdır. Rumıniyanın qaz idxal ehtiyacı 2 milyard kubmetrdir. Rumıniyalı rəsmilər səfərləri zamanı dəfələrlə bəyan ediblər ki, bu ehtiyacın hamsını Azərbaycandan qarşılamaq istəyirlər.
Təbii ki bu da onunla bağlıdır ki, Rumıniya və digər Avropa dövlətləri Azərbaycanın nə dərəcə də etibarlı tərəfdaş olduğunu sözdə deyil, əməldə görür", - deyə L.Zeynalova vurğulayıb.