...

Prezident İlham Əliyev: Qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycan, Gürcüstan, Türkiyə üçtərəfli münasibətlərdir

Siyasət Materials 19 Yanvar 2023 19:20 (UTC +04:00)
Prezident İlham Əliyev: Qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycan, Gürcüstan, Türkiyə  üçtərəfli münasibətlərdir

Bakı. Trend:

Qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir.

Trend-in cümə axşamı verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda (İsveçrə) Dünya İqtisadi Forumunda "Avrasiya Orta Dəhlizi: yoldan magistral yola" mövzusunda panel iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Biznes mühitinin təkmilləşdirilməsi, sözsüz ki, uğurun əsas amillərindən biridir, çünki dünyanın bütün ölkələrinin, hətta ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı var. Burada təkcə biznes mühiti kifayət deyil. Biz əvvələ - Baş nazir Qaribaşvilinin dediklərinə, ölkələr arasındakı əlaqələrə qayıdırıq. Düşünürəm ki, bu, həqiqətən də unikal vəziyyətdir, zənnimcə qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir. Yeri gəlmişkən, bizim bir neçə üçtərəfli əməkdaşlıq formatımız var. Xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində, həmçinin liderlər sammiti olub. Biz artıq bunun bəhrəsini görürük. Biz aydın görməyə başlamışıq ki, burada balansa ehtiyac var. Əlbəttə ki, biz enerji layihələrindən başladıq - istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans olmalıdır. Biz qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansı qorunub saxlanıldı. Əslində, nisbətən bu yaxınlarda qurduğumuz, indi Azərbaycandan, Gürcüstandan, Türkiyədən Avropaya qədər uzadacağımız dəmir yolu əlaqələri bizim neft-qaz kəmərləri layihələrinin uğurlu icrasından qaynaqlanıb. Beləliklə, düşünürəm ki, dəhlizin bu tərəfində bütün məsələlər həll olunub. Mən bir daha Ebru xanımın fikirləri ilə razılaşmaq istəyirəm ki, indi bizim ehtiyacımız olan, bütün iştirakçı ölkələrin – Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, avropalı tərəfdaşların daxil olduğu rəhbər komitə, bir növ idarə heyəti, o cümlədən bütün nəqliyyat infrastrukturu yaradılmalıdır. Məsələn, biz Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikik, dəniz limanımız var - Türkmənistan, Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında dəmir yolu əlaqələri, bilirsiniz ki, onların öz aralarında yaxşı bağlantılar yoxdur. Yeni layihələr var, məsələn, Çinin təşəbbüsü ilə başlayan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi var ki, bu da nəticə etibarilə Xəzər dənizinə və ardınca bizim istiqamətimizə gəlib çıxacaq. Həmçinin nəqliyyat və Şərq-Qərbin üstünlükləri üzərində işləməklə yanaşı, Qərb-Şərq də mühüm əhəmiyyət kəsb edir. Hələ ki, əsas diqqət Çindən, Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Avropaya yüklərin daşınmasına yönəlib, lakin biz, həmçinin yüklərin əks istiqamətdə daşınması barədə düşünməliyik. Buna nail olmaq üçün əlbəttə ki, əks istiqamətdə biznes mühiti də bizim hədəflərimizə uyğun gəlməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti