...

BƏƏ Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktını qətiyyətlə pisləyir

Siyasət Materials 27 Yanvar 2023 18:17 (UTC +04:00)

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyinə qarşı törədilmiş terror aktını qətiyyətlə pisləyir.

Trend-in cümə günü məlumatına görə, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

"BƏƏ bu cinayət əməllərini qətiyyətlə pisləyir və təhlükəsizlik, sabitliyə xələl gətirməyə yönəlmiş hər cür zorakılıq və terrorizmi rədd edir. Diplomatik işi tənzimləyən qaydalara və nizamnamələrə uyğun olaraq diplomatik nümayəndəliklərin mühafizəsini təmin etmək lazımdır", - bəyanatda deyilir.

Nazirlik, həmçinin bu ağır cinayət nəticəsində həlak olan Azərbaycan Respublikası hökumətinə və Azərbaycan xalqına, səfirliyin əməkdaşının ailəsinə dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti