Bakı. Trend:
Çexiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyən bəyanat yayıb.
Trend-in məlumatına görə, Çexiya Xarici İşlər Nazirliyinin tvitter hesabında yaydığı bəyanatda deyilir: “Çexiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir. Diplomatik nümayəndəliklərə hər hansı hücum qəbuledilməzdir. Səfirliyin həlak olan əməkdaşının ailəsinə başsağlığı verir və yaralılara şəfa diləyirik”.
Xatırladaq ki, 27 yanavar Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.