Bakı. Trend:
Fevralın 1-də müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev Türkiyə Respublikasının Gəncə şəhərinə yeni təyin olunan Baş konsulu Recep Öztop ilə görüşüb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, general-leytenant Ə.Əfəndiyev qonağı salamlayaraq onu yeni təyinatı ilə bağlı təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Müdafiə nazirinin müavini Azərbaycan ilə Türkiyə arasında həyata
keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq
münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb.
R.Öztop səmimi qəbula görə minnətdarlığını ifadə edib, ikitərəfli
əməkdaşlıq əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf
edəcəyinə əminliyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran mövzulara dair fikir mübadiləsi aparılıb.