...

Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olub - Rauf Əliyev

Siyasət Materials 16 Fevral 2023 11:53 (UTC +04:00)
Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olub - Rauf Əliyev

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı bir çox mühüm məsələlərə toxunub.

Bildirilmişdir ki, Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur.

Qeyd olunmuşdur ki, təməli qoyulan İstilik Elektrik Stansiyası ölkəmizin enerji potensialı böyük dərəcədə gücləndirəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq. Bu stansiyanın 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin.

Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. O vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi.

Mingəçevir şəhərinin nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq.

Yeni tikiləcək stansiyanın Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacağını bildirən cənab Prezident qeyd etmişdir ki, təməli qoyulan bu stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.

Azərbaycanda elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etməsindən bəhs edilərkən bildirilmişdir ki, son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Hazırda Azəebaycanın ümumi generasiya gücü 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılmışdır.

Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başlamışdır və artıq 10-dan çox yarımstansiya, 10-dan çox su elektrik stansiyası inşa edilmişdir. İki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılmıçdır və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradılsın.

Cənab Prezident öz çıxışında bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensiala malik olduğunu bildirmişdir. Təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir. Hazırda iki stansiya inşa edilir - 470 meqavatlıq günəş və külək. Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlayacaq, o da Azərbaycana təqribən 240 meqavat əlavə güc verəcək. Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur. Bunun böyük bir hissəsinin Xəzər dənizində, bir neçəsinin isə quru sahələrdə tikilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə, onun uzaqgörən, balanslaşdırılmış müdrik siyasəti nəticədində Azərbaycan bu vaxta kimi bütün istiqamətlər üzrə o cümlədən neft və qaz layihələri üzrə hədəflərə çatdığı kimi, eyni qaydada elektrik enerjisi də Avropa məkanına çatdırılacaq.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti