...

Ermənistanla sərhədimiz haradan keçməlidir?

Siyasət Analytics 24 Fevral 2023 16:26 (UTC +04:00)
Ermənistanla sərhədimiz haradan keçməlidir?
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədi şərti hüduddur. Demarkasiya və delimitasiya ilə bağlı proses İrəvanın müxtəlif bəhanələr gətirməklə destruktiv mövqe tutması nəticəsində, faktiki olaraq yerində sayır.

Sərhədlə bağlı problem həll edilməzsə, yekun sülh müqaviləsinin imzalanması prosesi də gecikə bilər.

Sərhəd probleminin nəzəri baxımdan ən qısa və lakonik həlli Ermənistanla dövlət sərhədimizin 1920-ci ildəki Qafqaz xəritələri əsasında müəyyənləşdirməsi olardı.

Əfsuslar olsun ki, rəsmi İrəvan hələ də dərk etmək istəmir ki, ərazi mübahisələri və sərhəd problematikası bölgədə stabilliklə təhlükəsizliyin bərqərar olmasının qarşısını alan ən böyük maneələrdən biridir.

Problem təqribən iki əsr əvvəl başlayıb: məhz o zaman əzəli və tarixi ərazilərimizin bir qismində Çar Rusiyası erməniləri məskunlaşdırmağa başladı. Daha sonra, bolşeviklər hakimiyyətə gələndən sonra Azərbaycanın Qərbi Zəngəzur bölgəsi ermənilərə hədiyyə edildi.

Sovet hakimiyyəti illərində də ərazi itkilərimiz davam etdi.

Ermənistandakı soydaşlarımızın 1948-ci ildən sonra üç dəfə məcburi köçürülməyə məruz qalması, 1974-cü ildən sonra Azərbaycanla Ermənistan arasında de-fakto sərhəd dəyişikliyinin aparılmasına rəğmən, bunun həmin dönəmdəki inzibati-siyasi xəritələrdə əks edilməməsi və s. hadisələr xalqımıza qarşı aşkar ərazi ekspansiyasının tərkib hissəsi idi.

Daha sonra 1982-ci ildə Qazax rayonunun İcdar ərazisinin otlaqları və biçənəkləri, habelə Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndlərinin ərazilərinin böyük qismi Ermənistana "hədiyyə" olundu.

Həmin qərarların heç biri rəsmi Moskva tərəfindən geniş ictimaiyyətə açıqlanmamışdı.

Bu səbəbdən də 1920-ci ildən 1991-ci ilədək ərazilərimizin bir qisminin Ermənistana verilməsi aşkar və de-yure qanunsuzluq olduğu üçün dövlət sərhədinin demarkasiyası ilə delimitasiyası prosesində mütləq şəkildə nəzərə alınacaq.

Təbii, delimitasiya və demarkasiya çətin, uzunçəkən və genişmiqyaslı prosesdir.

Məsələn, Azərbaycanın Gürcüstanla olan 428 kilometrlik dövlət sərhədinin delimitasiyası 1994-cü ildə başlayıb, indiyədək davam edir.

Rusiya ilə olan dövlət sərhədimizin delimitasiyası isə 10 il əvvəl, 2013-cü ildə bitib.

Ermənistanla şərti sərhədə gəldikdə isə bu gün Qazax rayonunun yeddi kəndi və Naxçıvan MR-nin Sədərək rayonunun bir kəndi hələ də erməni işğalındadır.

Ölkəmiz dünya birliyi tərəfindən tanınmış və təsdiqlənmiş sərhədlər daxilində ərazi bütövlüyünü bərpa etmək istəyir, çünki Qarabağ bölgəsində azərbaycanlı və erməni xalqının dinc yanaşı yaşaması Azərbaycan hökumətinin prioritetidir. Azərbaycana qarşı təbliğat aparmaq və demarkasiya-delimitasiya prosesinin başlamasının qarşısını almaq yalnız sülh prosesinə zərər verəcək.

O da məlumdur ki, Ermənistan-Azərbaycan sərhəd mübahisəsinin uzunmüddətli, dayanıqlı həlli ərazi bütövlüyünün, sərhəd toxunulmazlığının və dövlət suverenitetinin qarşılıqlı tanınmasından, eyni zamanda, bütün beynəlxalq qurumlar tərəfindən bu məsələyə dəstək verilməsindən asılıdır.

Lakin mövcud mənzərə arzuolunandan çox uzaqdır.

Ermənistanın baş naziri Nikol Paşinyan və İrəvan rəsmiləri bəyan edirlər ki, ölkələrimiz arasında qüvvədə olan delimitasiya haqqında sənəd kimi 1929-cu il tarixli xəritələrə "əsaslanmaq gərəkdir". Guya həmin "sənəd"lərə görə, 1991-ci ildə SSRİ dağıldıqdan sonra Ermənistan 1929-cu ilə aid “xəritə"lərlə 29.8 min kvadrat kilometrlik ərazidə müstəqillik qazandı.

Amma 1929-cu ilə aid, real və faktiki hüquqi qüvvəyə malik müvafiq sənədlər, sadəcə, mövcud deyil.

Demarkasiya-delimitasiya prosesinin özünə gəldikdə isə 2022-ci ilin mayın 23-də Brüsseldə Aİ Şurasının sədri Şarl Mişel ilə üçtərəfli görüşdən bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sərhəd delimitasiyası üzrə komissiyaların yaradıldığı barədə sərəncam imzaladılar.

Tərəflər razılaşdılar ki, dövlətlərarası sərhəddəki görüşlərlə yanaşı, fərqli yerlərdə də iclaslar keçirsinlər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edildi.

Daha sonra Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalandı.

Baş nazirin müavini Şahin Mustafayev Komissiyanın sədri təyin olundu.

Ermənistanda isə Nikol Paşinyanın sərəncamı ilə Azərbaycanla sərhədin delimitasiyası və təhlükəsizlik üzrə komissiyaya Baş nazir müavini Mher Qriqoryan rəhbər təyin edildi.

İndiki vəziyyətə nəzər salsaq, Azərbaycan və Ermənistan arasında şərti dövlət sərhədi 996 ilə 1007.1 km arasında dəyişir.

De-yure Azərbaycan-Ermənistan sərhədi keçmiş Azərbaycan SSR və Ermənistan SSR arasındakı sərhədlə uyğundur və iki əsas hissədən ibarətdir: qərbdə Ermənistan və Azərbaycanın Naxçıvan eksklavı arasında və şərqdə Ermənistan ilə "materik" Azərbaycan arasında daha uzun bir hissə. Şərti sərhədin qərbi Naxçıvan bölməsində Kərki və Nüvədi kimi mübahisəli məkanlar var.

İkinci Qarabağ müharibəsi gedişində 30 ilə yaxın işğal atında qalan torpaqlar azad edildi. 9 noyabr 2020-ci ildə Azərbaycan ordusunun Ermənistanla (Zəngilan rayonu istiqamətdə) sərhəddə yerləşən Bartaz (2300 metr), Sığırt (1 370 metr) və digər yüksəklikləri ələ keçirməklə Azərbaycan-Ermənistan dövlət sərhəddinin bərpası istiqamətdə ilk addım atıldı.

Mövcud situasiyanın gərginlik həddi isə az deyil, çünki Ermənistan Müdafiə Nazirliyinin hərbi birləşmələri ilə rusiyalı sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdəki erməni silahlı dəstələri mövqelərimizi atəşə tutur, ərazilərimizi minalayır, terror və diversiya aktlarını gerçəkləşdirməyə çalışırlar.

Ermənistanla hazırda şərti olan dövlət sərhədimizin delimitasiyası və demarkasiyası bu problemlərin həllinə başlamaqla yekun sülh sazişini imzalayaraq reallaşdırmağa imkan verəcək.

Sərhədin müəyynələşdirilərək təsdiqlənməsi prosesi isə Ermənistanın bütün aqressiv ritorikasına və prosesi ləngitmək cəhdlərinə rəğmən, gerçəkləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti