Bakı. Trend:
Azərbaycanın Qarabağ regionunda vəziyyətin inkişaf dinamikası güclənməkdədir: mahiyyətcə erməni azlığın seqmentasiyası baş verir. 35 il öncə Qarabağda ermənilərin özlərinin "Qarabağ hərəkatı" adlandırdıqları separatizm şişi yaranmışdısa, bu gün bir növ "Qarabağ hərəkatı 2.0" başlamaq üzrədir - amma artıq Azərbaycana təkrar inteqrasiya üçün.
Erməni mətbuatı və mənbələrinin məlumatlarına əsasən, erməni
icması arasında inteqrasiyadan başqa heç bir yol qalmadığına dair
çağırışlar getdikcə daha tez-tez eşidilir. Bundan əlavə, Azərbaycan
Respublikası Prezidenti Administrasiyası tərəfindən bir gün əvvəl
dərc olunan ikinci görüş dəvətinə müsbət yanaşmağa çağıran səslər
də var idi. Separatçıların "XİN"i nəticədə bu təklifdən imtina
etdi: onlar rus sülhməramlılarının vasitəçiliyi olmadan təmasdan
imtina edirlər.
Vəziyyət Qarabağda yaşayan ermənilər arasında müəyyən fikir
ayrılığının olduğundan xəbər verir: onların bir hissəsi normal
həyat yaşamaq, inkişaf etmək və mövcudluğunu nizama salmaq istəyir.
Digər hissəsi isə elə özününkülərə qarşı parazitlik etməyə davam
edərək Azərbaycana məxsus sərvətləri talan etmək və "mübarizə", "öz
müqəddəratını təyin etmə" və digər bu kimi pafoslu məfhumların
hesabına keçinmək niyyətindədir.
Azərbaycanın mövqeyi isə dəyişməz olaraq qalır: Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, Bakı təmas və dialoqun tənzimlənməsinə köklənib, lakin erməni icmasının başında Moskva tərəfindən göndərilən Rubik Vardanyan durduqca erməni icması ilə heç bir kontakt nəzərdən keçirilmirdi. Vardanyan "aradan götürülən" kimi real təmaslar başladı və ilk görüş baş tutdu. Bu, Bakının düşünülmüş və dəqiq mövqeyidir: konstruktiv dialoq olacaqsa, biz danışmağa hazırıq.
Erməni azlığın arasında bu mövqe getdikcə daha çox anlaşılır. Eyni zamanda "müharibə partiyası", yəni dünyada hər şeydən qorxan Araik Arutyunyan və onun "məmurları" faktiki olaraq öz ermənilərini əsir olaraq saxlamağa davam edir və bununla daima vaxtı uzadacağına ümid edir. İnadkarlıq edən bu şəxslərə Prezident İlham Əliyevin digər sözlərini xatırlatmaq yerinə düşər: "Əgər vaxtilə bizə qarşı separatçı hərəkat başlamasaydı, bu gün onlar da Azərbaycanın bütün başqa yerlərində olduğu kimi yaşaya bilərdilər. İndi onların yaşadıqları mənzərə göz önündədir. İndi gedib görənlər var hansı şəraitdə yaşayırlar. Ona görə, kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır. Gedə bilərlər, ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər, avtobusla da gedə bilərlər. Yol açıqdır".
Bu sözlərə əlavə ediləcək qətiyyən heç nə yoxdur.