...

İlqar Hüseynov: Prezident İlham Əliyev tərəfindən təsdiq olunan vergi güzəşti medianın yeni çağırışlara uyğun inkişafına böyük dəstəkdir

Siyasət Materials 3 Aprel 2023 12:08 (UTC +04:00)
İlqar Hüseynov: Prezident İlham Əliyev tərəfindən təsdiq olunan vergi güzəşti medianın yeni çağırışlara uyğun inkişafına böyük dəstəkdir

Bakı. Trend:

Aprelin 1-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu imzalayıb. Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirləri, reklam gəlirləri, habelə onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunub.

Dövlət başçısı tərəfindən atılmış bu addım müstəqil medianın dövrün tələblərinə uyğun daha sürətli inkişafına nail olmaq, medianı dayanıqlı iqtisadi əsasda daha da möhkəmləndirmək, peşəkar media fəaliyyətini yeni çağırışlara uyğun irəli aparmaq istiqamətində böyük addımdır.

Bunu Trend BİA-nın direktoru İlqar Hüseynov bildirib.

"Dövlətin diqqət və qayğısı ilə əhatə olunmuş mediamız son illər həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində daha sürətlə inkişaf edir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkə mediasının inkişafına yönəlmiş addımları və təşəbbüsləri, müasir, dayanıqlı, aktual çağırışlara cavab verən media strukturlarının yaranmasına əlverişli mühit formalaşdırıb. Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan mediasının qlobal media bazarına inteqrasiyası məhz Prezident İlham Əliyevin jurnalistikanın inkişafına həssas münasibəti nəticəsində mümkün olub", - Trend BİA-nın direktoru deyib.

İ.Hüseynov qeyd edib ki, Azərbaycan mediası hər zaman dövlət qayğısı ilə əhatə olunub. "Bu addım dövlətin mediaya növbəti qayğısı, peşəkar fəalliyətimizə həssas münasibətin növbəti təzahürüdür. Vergi Məcəlləsinə edilmiş dəyişikliklər milli medianın maliyyə imkanlarını möhkəmləndirməyə, hazırkı rəqabət mühitində daha innovativ ideya və təşəbbüsləri həyata keçirməyə güclü stimul olacaq", - deyə İ.Hüseynov əlavə edib.

Onun sözlərinə görə, sosial şəbəkələr son dövrlərdə reklam bazarında öz payını sürətlə artıraraq ənənəvi medianın reklamlara əlçatanlığını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. "Bu dəyişikliklərin qəbulu ilə ənənəvi media resursları reklam bazarında qobal şəbəkələrə qarşı daha rəqabətqabiliyyətli olacaq və daha əlverişli qiymətlər təklif etməklə reklam gəlirlərini artırmaq imkanı qazanacaqlar. Nəticədə, media şirkətlərinin öz inkişafına investisiya imkanları yüksələcək. Yeni düzəliş medianın iqtisadi müstəqilliyini gücləndirərək keyfiyyətli informasiya təminatının həyata keçirilməsi işinə vacib töhfə olacaq. Bu böyük dövlət dəstəyinə görə Prezident İlham Əliyevə öz adımdan və eyni zamanda Trend BİA-nın kollektivi adından dərin minnətdarlığımızı bildirirəm!", - deyə İ.Hüseynov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti