Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 aprel 2022-ci il tarixində Bolqarıstana rəsmi dəfəri çərçivəsində Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı “Anlaşma Memorandumu”nun imzalanması mərasimində çıxışı zamanı bir çox mühüm məsələlərə toxunmuşdur.
İmzalanmış “Anlaşma Memorandumu”nun mühüm əhəmiyyət daşıdığını bildirən cənab Prezident qeyd etmişdir ki: “Enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində imzalanmış Memorandum çox mühüm addımdır”
Qeyd etmək lazımdır ki, Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir. Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq.
Azərbaycan və Bolqarıstan iki dost və strateji tərəfdaş ölkələrdir və bir-biriləri ilə daha sıx əməkdaşlıq etmək niyyətindədirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin qarşılıqlı səfərləri bu niyyəti özündə əks etdirir. Vurğulamaq lazımdır ki, ilk növbədə, iki ölkə arasında siyasi əlaqələr inkişaf etməkdədir. Bir ay əvvəl Bolqarıstan Prezidenti Radev Azərbaycanda rəsmi səfərdə olub. Bu fakt ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini göstərir. O, siyasi dialoqun dinamikasını nümayiş etdirir və göstərir ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir.
Liderlər, rəsmilər arasında görüşlər, xüsusilə, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq təkcə Azərbaycan-Bolqarıstan münasibətlərini inkişaf etdirmir, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini də inkişaf etdirməkdədir. Cənab Prezident öz çıxışında qeyd etmişdir ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.
Ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Memorandum əsasında Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz çatdırıldı, bu il isə 12 milyard kubmetr hədəflənib. Beləliklə, həmin həcm bu il üçün planlaşdırılmış 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracının təxminən yarısını təşkil edəcək.
Perspektiv planlardan bəhs edilərkən bildirilmişdir ki, bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən ölkəmiz Macarıstana və Slovakiyaya qaz təchizatını başlayacaq. Azərbaycan hökuməti Albaniya ilə danışıqlar aparır. Eyni zamanda, Slovakiya “Həmrəylik Halqası”nın üzvü kimi, yaxın vaxtlarda enerji sahəsində tərəfdaşımıza çevriləcək. Azərbaycan qaz təchizatının coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcək. Ölkəmiz Avropanın qaz bazarında fəaliyyətini daha da genişləndirməyi planlaşdırır. Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları davam etdirməyə hazırdır. Üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, yəni – iki neft boru kəməri – biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışmalar aparılır.
Ötən illər ərzində Azərbaycan-Bolqarıstan əlaqələri çox uğurla inkişaf edib. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, iki ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəklər və strateji əməkdaşlıq səviyyəsi daha da yüksələcək.
Rauf Əliyev,
Milli Məclisin deputatı,
Azərbaycan-Bolqarıstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri