...

Azərbaycan və Serbiya arasında Hökumətlərarası Komissiyanın 7-cı iclası keçirilib, Protokol imzalanıb (FOTO)

Siyasət Materials 28 Aprel 2023 19:52 (UTC +04:00)
Azərbaycan və Serbiya arasında Hökumətlərarası Komissiyanın 7-cı iclası keçirilib, Protokol imzalanıb (FOTO)

Bakı. Trend:

Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-cı iclası keçirilib.

Trend xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Serbiyanın dövlət başçılarının siyasi iradəsi və ardıcıl səyləri ilə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Möhkəm dostluq və qarşılıqlı etimada əsaslanan bu əlaqələrin daim genişlənməkdə olduğunu bildirib.

İki ölkə arasında 2013-cü ildə strateji tərəfdaşlıq haqqında Bəyannamə, 2018-ci ildə strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı, eləcə də ötən dövrdə müxtəlif sahələrdə əməkdaşlıq sənədləri, həmçinin bu səfər çərçivəsində də sosial sahə üzrə yeni əməkdaşlıq sənədləri imzalandığı qeyd edilib.

Ticarət əlaqələrinin artmaqda davam etdiyi, ötən il də Azərbaycan və Serbiyanın ticarət dövriyyəsində 17,9 faiz artım olduğu bildirilib. Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin faydalı əməkdaşlığı, qarşılıqlı dəstək nümayiş etdirdiyi vurğulanıb. Azərbaycanda sosial-iqtisadi inkişaf prosesləri, qeyri-neft sektorunun inkişafı, münbit investisiya mühitinin mövcudluğu, Serbiya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti, logistika, nəqliyyat baxımından əlverişli coğrafi ərazidə yaradılmış Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti qeyd edilib.

Komissiyanın Serbiya tərəfindən həmsədri, Serbiyanın əmək, məşğulluq, veteran və sosial məsələlər naziri Nikola Selakoviç Serbiya və Azərbaycanın əlaqələrinin dost münasibətləri əsasında daim genişlənməsinin, ikitərəfli münasibətlərin ildən-ilə inkişaf etməsinin məmnunluq doğurduğunu qeyd edib.

Azərbaycan və Serbiyanın ticarət-iqtisadi əlaqələrinin yeni layihələr əsasında genişləndirilməsi, enerji, nəqliyyat-logistika sahəsində, sosial, kənd təsərrüfatı, təhsil, humanitar, infrastruktur, inşaat və s. sahələrdə gələcək əməkdaşlıq istiqamətləri, həmçinin iki ölkə arasında birbaşa hava əlaqəsinin yaradılması məsələsi müzakirə olunub.

Sonra Komissiyanın 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənəddə iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq prioritetləri əksini tapır.

İclas çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və Serbiyanın Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan-Serbiya biznes forumu keçirilib. Biznes forumda Azərbaycan tərəfindən 30-dək, Serbiya tərəfindən 20-dək qurum və şirkət iştirak edib.

Ötən dövrdə Bakıda və Belqradda 10-dan çox biznes forum və işgüzar görüş təşkil edildiyi bildirilib. İki ölkənin iş adamları arasında ardıcıl olaraq belə biznes forumların, bu tədbirlər çərçivəsində qarşılıqlı maraq doğuran təqdimatların keçirilməsinin əlaqələrin daha da genişlənməsində, yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti