...

Ermənistan yenidən Bakının səbrini yoxlayır - Türkiyə İrəvana barmaq silkələdi

Siyasət Materials 9 May 2023 10:59 (UTC +04:00)
Ermənistan yenidən Bakının səbrini yoxlayır - Türkiyə İrəvana barmaq silkələdi
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənsitan aktiv fazaya daxil olan sülh danışıqlarını pozmaq üçün dinc dayanacaq kimi görünmür. Bakı ilə İrəvan arasında sülh danışıqlarının çox vacib günlərində məhz Prezident İlham Əliyevin Şuşadan rəsmi İrəvana bir daha xəbərdarlıq etməsi və bildirməsi ki, ya sülh, ya da təhlükəli və qeyri-sabit proseslər regionu gözləyə bilər, - bu, əslində Paşinyanın çox diqqətə alası bir mesajdır. Çünki tarixi bir şans var ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsindən əvvəl hələlik iki ölkə arasında münasibətlərin nizamlanmasına dair müəyyən məsələlərdə sazişə təkan olacaq razılaşmalar imzalansın.

Lakin təəssüflər olsun ki, hər dəfə olduğu kimi erməni tərəfi sülh sənədinə yeni nüanslar əlavə etməklə danışıqların vaxtının uzadılması ilə məşğul olur. Bu dəfə də istisna edilmir ki, Ermənistan siyasi rəhbərliyi sülh mətnində Bakının qarşı olduğu məsələ ilə qarşımıza çıxmağa çalışacaqlar. Səbəbi isə qeyd edildiyi kimi, danışıqlar prosesini növbəti dəfə manipulyasiya edib, sülh sənədi ilə bağlı razılaşmanı dalana dirəmək məqsədi daşıyır.

Azərbaycan Ermənistanla hər bir prosesə hazırdır. Dövlət başçısının da qeyd etdiyi kimi, "Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Təbii ki, sülh olmayacaqsa, məsələnin həlli üçün seçim haqqı Bakıya keçir. Artıq Azərbaycan özü birtərəfli şəkildə hansı addımı atmaq barədə qərarını verəcək.

Amma hazırda Ermənistan özünü atdığı bu bataqlıqdan təmiz çıxartmaq üçün beynəlxalq ictimaiyyətə göstərməyə çalışır ki, İrəvan Bakı ilə sülh danışıqlarına tam hazırdır, sənədin imzalanması üçün əlindən gələni edir və bunu ən çox istəyən tərəf də məhz odur.

Nüfuzlu “Financial Times”ın yazdığına inansaq, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri danışıqların növbəti raundunu Brüsseldə keçirə bilmək ehtimalları ilə bağlı xəbərlər də bu mənada İrəvanın vaxt udmaq üçün növbəti bəhanəsinə çevrilə bilər. Çünki artıq indidən aydız hiss edilməkdədir ki, Ermənistan siyasi rəhbərliyi Azərbaycanla danışıqları pozmaq üçün bir yeni fürsət axtarışındadır.

Nəzərə alsaq ki, Avropa İttifaqı Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçiriləcək görüş ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dördgünlük müzakirələrindən sonraya təsadüf edəcək, o zaman məntiqlə tərəflər Vaşinqton episentrli müzakirələrin yarada biləcəyi perspektiv öhdəliklərin Brüsseldə davamını gətirməyə çalışacaqlarını düşünməyimizə əsaslar verir.

Lakin Ermənistanın prinsipial məsələlərdəki ritorikasının dəyişdiyini, yenə gah müharibədən, gah sülhdən danışaraq beynəlxalq ictimaiyyətin də fikrini qarışdıracaq çadırıcı mövqe ortaya qoyması budəfəki təmasların da əvvəlkilərdən ciddi bir fərqi olmayacağını düşünmüyə əsaslar yaradır.

Ermənistan tərəfinin zaman-zaman keçmiş ritorikasına dönməsi, Azərbaycanın qlobal və regional manevrlərini, eləcə də gələcək hədəfləri üçün atacağı addımları soyutmağa edilən cəhddən başqa bir şey deyil. İrəvan birmənalı şəkildə anlamalıdır ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin hüquq və təhlükəsizliyi rəsmi Bakının zəmanəti altındadır. Bu mənada həmin məsələlərlə bağlı öhdəlik götürəsi tərəf varsa, o da Ermənistandır ki, bir də Azərbaycanın daxili işlərinə qarışmayacağı ilə bağlı məsuliyyət daşıdığını artıq bilməlidir.

Danışıqların intensivliyi sülh gündəmindəki ümumi razılıq əlamətlərini özündə ehtiva etsə də, təəssüf ki, regionla bağlı yüksələn ambisiyalar azalmayacağı təqdirdə yeni eskalasiya riski də qaçılmaza çevrilə bilər.

Azərbaycanla Ermənistan arasında Brüsseldə növbəti təmasların təyin edildiyi tarixdə (14 may) Türkiyədə prezident seçkilərinin də keçiriləcəyini nəzərə alsaq, o zaman İrəvanın manevr etmək eşqinə düşəcəyi, havadarlarının dəstəyi və köməyi ilə sülhdən yayınma cəhdləri olduqca yüksək görünür. Təxminən iki həftə sonra - iyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniya kansleri Olaf Şoltz və Fransa Prezidenti Emmanuel Makronla daha bir görüş keçirilməsi planı da İrəvanın daha çox planına uyğun kimi görünə bilər.

Amma Bakı və Ankara da istənilən gedişata tam hazırdır. Bunu hətta Türkiyənin müdafiə naziri Hulusi Akarın İrəvanla Bakı arasında yeni eskalasiya təhlükəsinin olduğunu bildirməklə Ermənistana xəbərdarlıq xarakterli mesajlar verməsi də təsdiqləyir. Akar “Vəziyyət qeyri-sabitdir və get-gedə sülh sazişinin tezliklə imzalanmasına ümidimiz sönür. Hazırda münaqişə dondurulsa da, razılaşmanın uzadılması ilə hərbi əməliyyatların bərpası təhlükəsi artır”, - deməklə, sülh sazişinin imzalanmasının yubanmasının yeni münaqişə riskini artırdığına eyham vurub.

Akar da Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Ermənistanı başa salmağa çalışıb ki, rəsmi İrəvanın “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır” və “Ermənistanın qonşularına ərazi iddiaları yoxdur” tipli açıqlamaları münasibətlərin tənzimlənməsi məsələsində çox azdır, İrəvan sülh sazişini imzalamağa hazır olmalıdır. Akar İrəvanı xəbərdar etdi ki, məsələnin yubadılmasının Ermənistan üçün ağır nəticələri olacaq. Biz eyni xəbərdarlığı ötən gün Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlundan da eşitdik: "Ermənistan səmimi addım atmadığı üçün vəziyyət hələ də həssasdır".

Çavuşoğlu bu bəyanatı ilə Ermənistan siyasi hakimiyyətini və beynəlxalq təsisatları xəbərdarlıq etmiş oldu ki, Ermənistan növbəti dəfə sülhdən yayınmağa cəhd edir, onun Bakı ilə sülh təmasları inandırıcı deyil. Belə davam edəcəyi təqdirdə bölgədə vəziyyət yenidən gərginləşə bilər. Bunu istəmirsinizsə, əməli-praktiki addım atmaq zamanıdır.

Azərbaycan-Ermənistan danışıqları fonunda Ankara-İrəvan xəttində də gərginlik var. Türkiyə yenidən Ermənistan üçün hava məkanını bağlayıb, hətta Paşinyanın Çexiya səfəri zamanı da hava yolu verilməyib. Rəsmi Ankara daha sərt addımların atıla biləcəyi xəbərdarlığını edir.

İrəvanda “Nemezis” (türk diplomatlarını qətlə yetirən terrorçular) adibəsinin qoyulmasından sonra başlanan bu gərginliyin arxasında Türkiyə-Ermənistan münasibətləri ilə yanaşı, ən başlıca məsələlərdən biri heç şübhəsiz ki, Bakı-İrəvan sülh danışıqlarını da əhatə edən məsələlər dayanır. Çünki Ermənistan şahid olur ki, hər ötən gün Bakı ilə Ankara arasındakı münasibətlər daha da möhkəmlənir, bu iki qardaş ölkə arasından su belə keçmir. Havadarlarının da məsləhəti ilə Ermənistan Azərbaycanla sülh danışıqlarından yayınmaq üçün məhz Türkiyəyə "ilişməyin" effekt verəcəyini düşünür. Çünki istər rəsmi Bakı, istərsə də Ankara son zamanlar xüsusilə də dəfələrlə elan ediblər ki, Azərbaycanın maraqları Türkiyənin maraqlarıdır, Türkiyənin də maraqları Azərbaycanın.

Ermənistanın bu addımı isə onun gələcək taleyini riskə atmaqdan başqa bir şey deyil. Nikol Paşinyan hakimiyyəti bu destruktiv yanaşmasından, sələflərinə məxsus olan keçmiş ritorikadan əl çəkməyəcəyi halda Ermənistanın blokadadan çıxması məsələsini dalana dirəmiş olur. Amma Ermənistan bununla da xilas olmayacaq, Azərbaycanı məcbur qoyacaq ki, yarımçıq qalan məsələləri 30 illik işğala son qoyduğu şəkildə özü birdəfəlik həll etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti